Allahdan Başqasına Dua Edilməz
Şərik, ortaq qoşmaq, yəni şirk, Allahdan başqa tanrılara tapınmaq, Uca Allaha qarşı edilən ən böyük cinayətdir. Şirkin nə qədər böyük bir günah olduğu Quranda belə bildirilir:
“Şübhəsiz ki, Allah Ona şərik qoşanları bağışlamaz, bundan başqa (günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.” (Nisa Surəsi, 48)
Şirkin bilinməli olan mühüm cəhəti, tarixin hər dövründə, yaşadığımız dövr də daxil olmaqla, çox geniş yayılmasıdır. Çox adam, şirk qoşmağı yəni “Allahdan başqa tanrı qəbul etməyi” özünə yaraşdırmadığı halda, bəlkə də şirk içində yaşayır. Çünki şirk həm də Allahın sifətlərini başqa varlıqlara şamil etmək deməkdir. Buna görə də, əgər bir insan Allahdan başqa varlıqların razılığını qazanmaq, onları məmnun etmək üçün yaşayırsa, onlardan qorxub mədət umursa, başqalarının yardımına ümid edirsə bu da şirk içində yaşamaq deməkdir.
İnsanlar üçün ən böyük təhlükə olan şirkə qarşı qorunma yollarından biri Allaha dua etməkdir. Çünki, dua edən insan Allahın varlığını və birliyini, Ona qarşı olan acizliyini, ona yeganə kömək edəcək olanın Allah olduğunu və Ondan başqa heç kimə ibadət edilməyəcəyini qəbul etməkdədir. Buna görə də dua, mömini şirkə qarşı qoruyur.
Quranda, “Ey Peyğəmbər, sənə və sənin ardınca gedən möminlərə Allah yetər” (Ənfal Surəsi, 64) ayəsinə əsasən, müsəlmanlar bilirlər ki, kömək istəniləcək yeganə varlıq Allahdır. O, hər məsələdə ən üstün olan, sonsuz qüdrət sahibi, hər şeyi görən və eşidəndir. Bütün qüsurlu sifətlərdən uzaq olan və sonsuz qüdrət sahibi olan Allahdır. Kainatda bütün qüdrət Onun əlindədir. Ona görə yardım və bağışlanmağı yalnız və yalnız hər kəsin Ona möhtac olduğu, Onun isə heç kimə möhtac olmadığı Allahdan istəməliyik. Quranda, Allahdan başqasına dua etmənin səhv olması və yeganə dua məqamının Allah olduğu bir çox ayədə bildirilir:
Odur ki, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.!. (Şuəra surəsi, 213)
Digər bir ayədə Allahdan başqasına dua edənlərin vəziyyəti haqqında belə bəhs edilir:
Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar. (Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər. (Nəhl Surəsi, 20-21)
Bu səbəbdən səmimi bir mömin əsla və əsla Allahdan başqasına dua etməz. Yalnız Ona yalvarıb, yalnız Ondan kömək istəyər. Buna aid, Quranın ilk surəsi olan Fatihə Surəsində də iman gətirənlərə aşağıdakı dua öyrədilir:
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi düz yola yönəlt! Nemət verdiklərinin yoluna! Qəzəbə düçar olanların və azmışların (yoluna) yox!. (Fatihə Surəsi, 4-7)
Möminlərə düşən vəzifə də, Allahın sonsuz qüdrətini fikirləşib qavramaq, bu qüdrətə könüldən boyun əymək və yalnız Ondan kömək istəməkdir. Buna zidd olan bir davranışın nümayiş etdirilməsinin qarşılığı isə dünyada da, axirətdə də məğlubiyyət olacaqdır. Bu, Allahın bir vədidir.
Cahiliyyənin Dua Anlayışı
Allahdan başqalarını ilah qəbul edənlər, yəni müşriklər də bəzən Allaha dua edərlər. Ancaq müşriklərin duası möminlərin duasından çox fərqlidir. Müşriklər yalnız çətin vəziyyətdə qaldıqları zaman Allaha möhtac olduqlarını xatırlayar və yalnız bu cür vəziyyətlərdən xilas olmaq üçün dua edərlər.
Halbuki, insanın həyatında Allaha möhtac olmadığı bircə an belə yoxdur. Məhz müşrik ilə möminin dualarındakı fərq burada ortaya çıxır. Möminlər həmişə və hər şəraitdə Allaha üz tutarlar. Mömin dua etmək üçün özünün çətin bir vəziyyətə düşməsini gözləməz. Həmişə Allaha yaxınlaşmaq ehtiyacı duyduğu üçün dua edər.
Müşrik xarakterinin ən diqqətə çarpan xüsusiyyəti isə, Allaha qarşı son dərəcə nankor və ikiüzlü olmasıdır. Özü çətin vəziyyətdə olarkən hər şeyi bir kənara buraxaraq Allaha dua edər. Çətin vəziyyətdən çıxdıqda isə sanki dua edən o deyilmiş kimi Allahı unudar. Çünki hadisələrin böyük hissəsinin Allahdan başqa varlıqların iradəsində, nəzarətində baş verdiyini zənn edir. Əslində, dünyadakı hər şeyin Allahın iradəsiylə baş verdiyini bilmir. Bu dar düşüncəsinə əsasən bel bağladığı bütün ümidlərin Allahın idarəsində, nəzarətində olduğunu nəzərə almaz.
Məsələn, xəstələndiyi zaman onu sağaldanın, şəfa verənin həkimlər, dərman və ya xəstəxananın müasir texnoloji imkanları olduğunu fikirləşər. Hər xəstəliyə şəfa verənin, lazımlı dərmanı, həkimi də var edənin Allah olduğunu dərk etmir. Yalnız, çox güvəndiyi həkimlər, dərmanlar fayda vermədikdə, həmin vaxta qədər çox az fikirləşdiyi, bəlkə də heç düşünmədiyi Allaha sığınmağa başlayar. Halbuki, şəfa verəcək olan ancaq Allahdır. Cahil insanlar isə bunu qavraya bilmirlər və nankorluq edirlər. Onların bu nankorluğu ayələrin birində belə təsvir olunur:
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunus Surəsi, 12)
İnsanın çətin vəziyyətdə Allaha üz tutması, Onu xatırlaması əslində tək sığınacağı varlığın Allah olduğunu dərk etdiyi mənasını vermir. Əvvəllər nəfsinin istəklərinə zidd olduğu üçün nəzər yetirmədiyi bu həqiqəti, böyük bir çətinliklə qarşılaşdığı zaman dərhal xatırlayar. Lakin bu çətinlikdən xilas olduqda isə yenə nankorluq edir. Bu vəziyyətin bir nümunəsi Quranda belə təsvir edilir:
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. (Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunus Surəsi, 22-23)
Fırtınada dənizin ortasında qalan bir gəmidən xilas olmaq olduqca çətindir. Artıq insan ölümlə üz-üzədir və o vaxta qədər bel bağladığı səbəblərdən hər hansı birinin onun köməyinə yetişməsi mümkün deyil. Ona ancaq dənizə də, fırtınaya da, gəmiyə də, qaranlığa da hakim olan güc sahibi kömək edə bilər… Bu üstün gücün sahibi isə ancaq Allahdır.
Bu, insanın Allahdan başqa kömək gözlədiyi bütün yardım qapılarının bağlanması deməkdir. Yəni, insan belə bir vəziyyətdə tamamilə çarəsiz qalmışdır. Belə bir vəziyyətdə qalan adam birdən Allahın varlığını xatırlayaraq, ona yalnız Allahın kömək edə biləcəyini dərk edərək dua etməyə başlayar. Kənara çəkilib ümidini Allaha bağlayaraq, Ona yalvararaq dua edər. Düşdüyü çətin vəziyyətdən onu ancaq Allahın qurtara biləcəyini anlayır və bunun da ancaq Allahın istəyindən asılı olduğunu bilir.
Bu həqiqəti, o an çox yaxşı düşünüb dərk edər. Çünki əvvəllər Allaha şərik qoşduqlarından heç bir şey qalmamışdır, hamısı yox olub getmişdir. Onları heç fikirləşməz. Şərik qoşduqlarının ona kömək edə biləcəyini heç ağlına belə gətirməz. Çünki elə bir ehtimalın olmadığını çox yaxşı bilir. Əvvəldən belə və ya buna bənzər bir vəziyyətlə qarşılaşacağını bəlkə də heç ağlından keçirməmişdir. Ölümü ondan çox uzaq oduğunu fikirləşdiyinə görə, bu dünyada olduqca rahat hərəkət etməsi üçün dünyəvi köməkçilərinə arxayın olar. Amma heç gözləmədiyi belə bir hadisə ilə qarşılaşdıqda, əvvəllər güvəndiyi köməkçilərinin varlığı onu maraqlandırmaz. Allaha dua etmək üçün tərəddüd belə etməz. Belələri əvvəllər Allaha təslimiyyət, Ondan kömək diləmə mövzusunda çətinlik çəkən biri də olsa, həmin anda artıq səmimiyyətlə dua edərlər. Allaha dua etməli olduğunu ona heç kim deməz, xatırlatmaz. Buna ehtiyac da yoxdur. Çünki o, yeganə köməyin ancaq Allahdan gələ biləcəyini dərk edər.
İndiyə kimi heç fikirləşmədiyi bir aqibət birdən-birə ona yaxınlaşar, demək olar ki, onunla üz-üzə qalar. Ölümün mövcudluğunu ilk dəfə indi dərindən anlayar. Həyatı boyunca düşünmədiyi bu aqibəti və bundan sonrasını bir neçə dəqiqə içində təfərrüatı ilə düşünər və ona əvvəllər tanış olmayan qorxu hissini duymağa başlayar. Dünyada ikən heç düşünmədiyi axirət həqiqəti birdən-birə gözündə canlanar.
Ölümə bu qədər yaxınlaşdığı vaxt cənnətə layiq olmaq üçün işlər etmədiyini başa düşər və ən böyük qorxusunun buna bağlı olduğu həqiqəti ilə üzləşər. Dünyada etdiklərini fikirləşər, qiymətləndirər. Bunun nəticəsindən çox qorxduğu üçün nə qürurlana bilər, nə də din mövzusundakı cəsurluğunu davam etdirə bilər. Sanki əvvəllər Allaha yaxınlaşmağı rədd edən, dua etməkdə təkəbbürlülük göstərən və hər şeyi özünə aid etməyə çalışan, öz cəhdləri ilə əlaqələndirən biri deyilmiş kimi davranar. Halbuki, öz nankorluğunu dərk edər. Öz iradəsi ilə Allaha yaxınlaşıb dua edər. Bu, nə etməli olduğunu çox yaxşı bilməyin ən böyük nümunəsidir.
Əvvəldən öyrədilməməsinə baxmayaraq, çətinliklərlə üzləşən bir çox insan, təsvir etdiyimiz yaxınlıqla və səmimiyyətlə Allaha dua edər. Hətta bu insanlardan bir qismi, əvvəllər rifah içində yaşayan və Allahın varlığını rədd edən kəslərdir. Allahı inkar etmələri ilə tanınan adamların əksəriyyəti belə bir vəziyyətdə yenə “Ondan başqa heç bir sığınacaq olmayan” Allaha sığınarlar.
Ancaq Quranda bildirildiyi kimi, gəmidə səmimi, Ondan başqa heç bir güc sahibinin olmadığını anlamış bir şəkildə Allaha üz tutan inkarçı, təhlükənin ötməsi ilə, həmin vaxt keçirtdiyi qorxuları və səmimiyyəti bir anda itirər. Azmış bir şəkildə köhnə müşrik həyatına geri dönər. Peşmançılıq hissi və Allaha qayıdışı qəfildən inkar və nankorluqla əvəz edilər. İmansız dövrünə geri dönər. Təhlükə anında düşündüyü və anladığı həqiqətləri birdən-birə unudar. Narahatçılığın aradan qalxması və təhlükənin uzaqlaşmasından irəli gələn əminlik hissi nəticəsində Allaha dua etməyi unudar.
Cahiliyyənin bu anormal psixoloji vəziyyəti və nankorluğu ayələrdə belə bildirilir:
İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. İnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar.. (Fussilət Surəsi, 49-51)
Bütün bu ayələrdə çətin vəziyyətlərdə Allaha üz tutan, çətinlik ortadan qalxan kimi, rahatlıq tapan kimi isə nankorlaşan insanlardan bəhs edilir. Bu, əvvəl də qeyd etdiyimiz kimi müşriklərə aid bir davranışdır, çünki möminlər hər cür şəraitdə Allaha sığınarlar, bu onların başlıca xüsusiyyətlərindəndir. Yalnız çətin vəziyyətə düşdükləri zaman deyil, xoş və şad günlərində də Ona dua edər, Onun şəninə tərif deyib zikr edərlər. Kömək istənən yeganə güc sahibinin Allah olduğunu qəti olaraq bilərlər.
Lakin burada diqqət yetirilməli olan bir məqam var. Gəmidə Allaha dua edib sonra xilas olub əmin-amanlığa qovuşanda Onu unudan nankor xarakter, hər insanın nəfsində olan və bu səbəbdən hər kəsə təsir edə biləcək bir meyildir. Qurandakı bu hekayənin bir hikməti əlbəttə müşrikləri qınamaqdır ancaq, bütün oxucular da burada bəhs edilənlərdən ibrət almalı və bu cür davranışlardan çəkinməlidirlər. Yəni hər kəs bu nümunə üzərində düşünməli, öz vəziyyətini analiz etməli, səmimi şəkildə öz nəfsini mühakimə etməlidir.
Məsələn, siz, öz vəziyyətinizi fikirləşirsiniz? ..Görəsən sizin də dualarınız, gəmidə fırtınaya düşənlər kimi, yalnız çətin vəziyyətlərlə üzləşəndə mi güclənir? Yalnız başınıza pis hadisə gəldikdə, bəla baş verdikdə mi Allaha üz tutursunuz? Ancaq dərdli, sıxıntılı vəziyyətlərdəmi səmimiyyətlə və ürəkdən dua edirsiniz? Firəvan və xoşbəxt olduğunuz zamanlarda isə Allahı az xatırlamağa, Ona çoxlu dua etməməyə mi başlayırsınız? ..
Əgər belədirsə, bu haqda fikirləşmək lazımdır. Qurandakı hekayələrdən ibrət almaq, gəmidə dua edib sonra da nankorluq edən müşriklərə oxşamamağa çalışmaq, Allaha tövbə etmək, Ondan bağışlanma diləmək lazımdır. Çünki hər bir imanlı insanın vəzifəsi, Quranda bəhs edilən kafir və müşrik xüsusiyyətlərindən əlindən gəldiyi qədər çəkinmək və möminə xas olan xüsusiyyətləri qüsursuz şəkildə yiyələnməyə çalışmaqdır. Bir möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə, həm çətinlikdə, həm rahatlıqda, həm darlıqda, həm bolluqda, bir sözlə hər cür şəraitdə Allahın bəndəsi olduğunu unutmaması, həmişə Ona üz tutması, həmişə Ona dua edən və şükr edən olmasıdır.Yaddan çıxarılmamalıdır ki, ancaq çətin və sıxıntılı vəziyyətlərdə Allaha dua etmək səmimi davranış deyil. Çünki, Quranda da Allaha və Onun Elçisinə qarşı çıxan ən azğın din düşmənlərinin yalnız çətin və dar vəziyyətdə Allaha üz tutaraq dua etdikləri bildirilir. Buna aid ən aydın nümunələrdən biri, Firondur. Qədim Misirdə özünü ilah olaraq elan edən, təkəbbürlənən Firon, Hz. Musa (ə.s) və qövmünə çox əziyyət vermiş, və ona göstərilən bütün möcüzələrə və təbliğlərə baxmayaraq Allahı inkar etmişdi. Hətta onun bu inkarı və təkəbbürlüyü ölümlə üz-üzə gələnə qədər davam etmişdir. Ancaq ölümün ona çox yaxın olduğunu və xilas ola bilməyəcəyini başa düşəndə, çarəsizlik içində dua etməyə başlamışdı və onun da bir müsəlman (Allaha təslim olmuş) olduğunu iddia etmişdi. Quranda bu hadisə belə bildirilir:
Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!” (Firona deyildi:) “İndimi (müsəlman oldun)? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir. (Yunus Surəsi, 90-92)
Quranda dəfələrlə bəhs olunan bu səhv dua anlayışından, yuxarıda da qeyd etdiyimiz kimi, hər mömin bundan ibrət almalı və özü üçün bir nümunə çıxartmalıdır. Allah bu ayələrlə Quranı oxuyan bütün möminləri xəbərdarlıq edir və duanın bütün dövrlərə yayılmasını istədiyini bildirir. Məhz cahillərin dua haqqında olan təsəvvürləri ilə iman edənlərin dua anlayışları arasındakı ən təəccüblü fərqlərdən biri burada ortaya çıxır. Möminlər, onları yaradan, saysız nemətlər bəxş edən Rəbbimizə qarşı olduqca təslimiyyətli olarlar. Onlar, özləri üçün həqiqi dost və köməkçilərinin yalnız Allah olduğunu dərk edirlər və buna görə də hər cür şəraitdə ancaq Allahdan kömək diləyər və Ona dua edərlər.
Cahiliyyə insanları isə ancaq çətin vəziyyətə düşdükləri zaman Uca Allahdan kömək istəyər və qalan vaxtlarda isə özlərinə himayədar tapıb, onlardan mədət umarlar. Əlbəttə, bu cahilliklərinin acı qarşılığını dünyada da, axirətdə də görəcəklər. Peyğəmbərimiz (s.ə.v) hədislərin birində, yalnız Allaha dua edilməsi haqqında belə buyurmuşdur:
… Bir şey istəyəndə Allahdan istə. Kömək lazımdırsa Allahdan kömək istə. Çünki qullar, Allahın yazmadığı bir məsələdə sənə faydalı olmaq üçün bir yerə gəlsələr, bu faydanı göstərməyə müqtədir ola bilməzlər (nail ola bilməzlər). Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə yığışsalar belə, buna da müqtədir ola bilməzlər. (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Nəşrləri, Ankara, 1992, s. 314)
Hər mövzuda olduğu kimi ən gözəl nümunə Peyğəmbərimiz (s.ə.v.)-dir. Rəvayətlərdə, Allahın bütün aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərimiz (s.ə.v) -in, Rəbbimizə olan səmimiyyətini, gözəl əxlaqını, təslimiyyətini və imanının dərinliyini ortaya qoyan duaları keçir. Bunlardan bəziləri belədir:
Əbu Musa, əl-Eşaridən belə rəvayət etdi: Peyğəmbər (s.ə.v) bu dua ilə dua edərdi: “Ey Rəbbim! Mənim günahımı, bilmədiyim şeyləri, hər işimdə israfımı və məndən yaxşı bildiyin qüsurlarımı bağışla! Ya Allah! Mənim, qəsdən və bilməyərəkdən etdiyim günahları,səhvlərimi, zarafatlarımı bağışla! Bunların hamısı məndə var. Ya Allah! Əvvəlcədən etdiyim, sonradan edəcəyim, gizlətdiyim, ortaya çıxardığım bütün günahlarımı Sən bağışla! Önə keçirən ancaq Sənsən, geriyə buraxan da ancaq Sənsən. Sən hər şeyə qadirsən ! “ (Səhihi Buxari və Tərcüməsi, Tərcüməçi: Məmməd Sofuoğlu, Ötüken Nəşrləri, İstanbul 1987, Cild 14, s. 6336)
Quranda Peyğəmbərlərin Duaları
Quranda bəhs edilən peyğəmbərlərin hər biri, müəyyən xüsusiyyətləri ilə diqqəti cəlb edən xalqlara göndərilmişdilər. Bu qövmlər, onlara göndərilən elçiləri yalançılıqda ittiham etmiş, azğınlaşmış və tədricən həddi aşan cəmiyyətlərə çevrilmişlər. Peyğəmbərlərin vəzifəsi isə dini tanımayan və ya tanıdığı halda inkara meyl edən bu xalqlara haqq olan dini tanıtmaq, onları Allaha inanmağa dəvət etmək və axirətə istiqamətləndirmək idi.
Bu isə olduqca çox çətin bir iş idi. Bir insan təkbaşına, əksər insanların ona qarşı etiraz edib təzyiq göstərəcəyini bildiyi halda, o vaxta kimi eşidilməmiş, və ya eşidildiyi halda qəbul edilməmiş haqq dini insanlara təbliğ etmək üçün vəzifələndirilirdi. Həm də bu vəzifə, malik olduqları hər şeyi, hətta öz həyatlarını belə təhlükəyə atırdı. Allaha inanmağa dəvət etdiyi üçün insanlar onlara nifrət edir, hətta öldürmək istəyirdilər. Onlara əziyyət edə bilər, özlərini inanmış kimi göstərərək xainlik edə bilərdilər. Peyğəmbərin ətrafındakılardan heç biri, hətta ailəsi belə ona inanmaya bilərdi. Elçi isə yalnız Allaha qarşı məsuliyyət daşıyırdı. Bu, mütləq yerinə yetirilməli, olduqca çox böyük əhəmiyyət kəsb edən bir məsuliyyət idi. İnsanların dini öyrənib öyrənməmələri, öyrəndikləri ilə cənnətə layiq olub-olmadıqlarını müəyyən etmək peyğəmbərin üzərinə düşən vəzifə deyildi, o, buna görə məsuliyyət daşımırdı. Onun yeganə vəzifəsi yalnız dini təbliğ etmək idi. Bu, dünyada tanıdığımız və bildiyimiz heç nəyə oxşamaz. Bir insanın tək başına böyük bir cəmiyyətə qarşı Allahın tapşırdığı bu vəzifəni yerinə yetirməsi olduqca çətin bir işdir.
Əlbəttə vəziyyət, kənardan baxanlara çətin görsənir, əslində isə, hər şeyin hakimi olan Allahın gücü burada əsas rol oynayır. Belə bir vəziyyətdə də inkarçıların sayı və ya onların gücü mühüm amil deyil. Peyğəmbərlərin hamısı bu həqiqəti çox yaxşı anlayaraq hərəkət etmiş, Allah qarşısında daşıdıqları bu məsuliyyəti axıra kimi yerinə yetirmişlər. Allah peyğəmbərlərin bu üstün xüsusiyyətlərini ayələrində tərifləyir. Quranda bildirildiyi kimi Allah həmişə Ona inananlara kömək edir və peyğəmbərlərini insanların zülmlərindən qoruyur. Quranda, Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) -in hicrət əsnasında yaşadığı bir təhlükədən bəhs edilərkən bu həqiqət belə izah edilir:
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə Surəsi, 40)
Peyğəmbərlər, Quranda hər bir şəraitdə Allaha sığınmaları bir nümunə olaraq göstərilir:
Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab Surəsi, 21)
Onlar ancaq Allahdan umarlar. Peyğəmbərliklə vəzifələndirilmələrindən etibarən yeganə məqsədləri verilən bu vəzifəni yerinə yetirmək və qövmlərini Allaha dəvət etmək olmuşdur. Arzuları da məqsədlərinə uyğun olmuşdur. Səmimi, ürəkdən edilən duaların nümunələrini peyğəmbərlərin nümunələrində aydın şəkildə görə bilərik.
Buna görə də kitabın bundan sonrakı qismində Quranda öyrədilən peyğəmbər duaları haqqında danışacağıq.
Hz. Nuh (ə.s)-ın duaları
Quranda, uzun illər nümunəvi qətiyyətlə qövmünü tövhid dininə çağıran Hz. Nuh (ə.s)-ın səbrindən fəxrlə bəhs edilir. Hz. Nuh (ə.s.) ona və yanındakı möminlərə düşmənçilik edən qövmünə qarşı qətiyyətlə mübarizə aparmışdır. Hz. Nuh (ə.s)-ın hər cür vəziyyətdə Allaha yönəlməsi, Onun köməyini ümid edərək səmimiyyətlə dua etməsi isə möminlər üçün böyük bir nümunədir. Hz. Nuh (ə.s.) yaşadığı vəziyyəti Allaha bildirmiş və belə dua etmişdir:
Sonunda Rəbbinə dua etdi: “Həqiqətən, mən məğlub olmuş vəziyyətdəyəm. Artıq Sən (bu kafir cəmiyyətdən) intiqam al.” (Qəmər Surəsi, 10)
Başqa bir surədə Hz. Nuh (ə.s) -ın Allaha dua etməsi belə xəbər verilir:
Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!
Əgər Sən onları (sağ) qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər. Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. (Nuh Surəsi, 26-28)
Allah, Hz. Nuh (ə.s) -ın bu duasını qəbul etmiş və yaxın vaxtlarda baş verəcək Tufana hazırlaşmasını əmr etmişdir. Hz. Nuh (ə.s.) yaxınlıqda hər hansı bir dəniz və ya göl olmamasına baxmayaraq Allahın əmrinə uyğun olaraq böyük bir gəmi düzəltməyə başlamışdır. Gəmini düzəldərkən qövmünün camaatı isə onu ələ salmağa başlamışdır. Bu hadisə Quranda belə xəbər verilir:
(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. (Hud Surəsi, 38)
Ancaq Hz. Nuh (ə.s.) qövmünün bütün təzyiqlərinə baxmayaraq, Allahın əmrini yerinə yetirərək gəmini hazırlamışdır. Sonda isə Allahın vədi gəlir və tufan baş verir:
Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan) sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. (Qəmər Surəsi, 11-13)
Tufanda boğulanlardan biri də Hz. Nuh (ə.s) -ın oğlu olmuşdur. Hz. Nuh (ə.s.) tufandan əvvəl oğlunu gəmiyə çağırır, ancaq oğlu atasının bu çağırışını qəbul etmir. (Hud Surəsi, 43) Quranda Hz. Nuh (ə.s) -ın, oğlunun ölümü ilə bağlı Allaha belə dua etdiyi bildirilir:
Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!” O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”” (Hud Surəsi, 45-46)
Hz. Nuh (ə.s.) qövmünün həlak edilməsi üçün dua edərkən “mömin olaraq evinə daxil olanların” qorunmasını Allahdan istəmişdir. Halbuki, Nuhun oğlu iman etməmişdir. Quranda Hz. Nuh (ə.s) -ın Allahın onu bağışlaması üçün belə dua etdiyi bildirilir:
O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”. (Hud Surəsi, 47)
Hz. İbrahim (ə.s) -ın duaları
Hal-hazırda milyonlarla insanın həcc vəzifəsini yerinə yetirmək üçün ziyarət etdiyi Kəbəni inşa edən Hz. İbrahim (ə.s), Quranda, “tək başına bir ümmət” kimi təqdim olunur. O və oğlu Hz. İsmayıl (ə.s.), bundan min illərlə əvvəl, Allahın vəhyi ilə insanların yığışacaqları və Onu zikr edəcəkləri, ilin müəyyən vaxtlarında oraya, həccə gələcəkləri bir ev inşa etmişlər. Bu evin Qurandakı adı Kəbədir. Ata-oğul bunu bir ibadət olaraq yerinə yetirmiş, və sonra da belə dua etmişdilər:
O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): “Ey Rəbbimiz! (bunu )bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! (Bəqərə Surəsi, 127)
Kəbənin inşa edildiyi yer vaxt keçdikcə inkişaf edəcək və bu gün Məkkə olaraq adlandırdığımız şəhər halını alacaq. Hz. İbrahim (ə.s) bu yer üçün Allaha belə dua etmişdir:
Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Allah) dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”. (Bəqərə Surəsi, 126)
Hz. İbrahim (ə.s) və oğlu Hz. İsmayıl (ə.s.) dualarında yalnız öz yaşadıqları dövr üçün deyil, onlardan sonra gələcək olan nəsillər üçün də bəzi arzularını dilə gətirmişlər:
Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!” (Bəqərə Surəsi, 128-129)
Hz. İbrahim (ə.s) –ın bir başqa duasında, Allaha yaxınlaşma yolları axtardığı belə xəbər verilir:
Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər sən inanmırsan?”– dedi. (İbrahim) dedi: “Əlbəttə (inanıram!) Amma (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” (Bəqərə Surəsi, 260)
Ayədən də aydın olduğu kimi, İbrahim Peyğəmbərin Allahdan ölüləri necə diriltdiyini göstərməsini istəməsi, imanındakı, inancındakı bir zəiflikdən irəli gəlmirdi. Əksinə iman gətirmişdi, amma iman gətirdiyi həqiqəti tam mənasıyla qavramaq istəyirdi. O, çox səmimi olaraq Allahın bir möcüzəsinə şahid olmaq istəmiş, Allah da bu səmimi duasını qəbul etmişdir.
Hz. İbrahim (ə.s) –ın atası bir büdpərəst idi. O, atasına dini təbliğ edirdi, ancaq atası iman gətirməyi qəbul etməmişdi. İbrahim Peyğəmbər isə atasının Allahdan bağışlanmasını istəmişdi:
(İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz (bütləri) tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım.”(Məryəm Surəsi, 47-48)
Hz. İbrahim (ə.s) -ın, atası bir mömin olmadığı halda onun üçün Allaha dua etməsinin əsas səbəbi Quran ayələrində belə xəbər verilir:
Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi. (Tövbə Surəsi, 113-114)
Bu gün milyonlarla insanın ziyarət etdiyi Məscidi-Harama, yəni Kəbəyə ilk dəfə yerləşən Hz. İbrahim (ə.s), duasının davamında oğulları İsmayıl, İshaq və bütün möminlər üçün arzu və istəyini belə bildirmişdir:
Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim). İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər. Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir. Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim Surəsi, 37-41)
Göründüyü kimi Hz. İbrahim (ə.s) duasında həm Allahın sifətlərini qeyd edir, həm də Ona şükr edir. Hz.İbrahim (ə.s)-ın Allaha etdiyi duası ilə özünün Ona yaxınlaşmasını, axirətdə bağışlanmasını arzulayır.
Hz. Lut (ə.s) –ın duaları
Quranda “hökm və elm” verilən peyğəmbər kimi tanınan Hz. Lut (ə.s), Hz.Nuh Peyğəmbər kimi qövmünə uzun illər haqq dini təbliğ etmişdir. Ancaq Allahın buyurduğu hökmləri tapdalayaraq homoseksuallıqla məşğul olan qövmünün Hz. Lut (ə.s) -a olan cavabları həmişə mənfi olmuşdur:
Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı. (Əraf surəsi, 80-82)
Lut Qövmü, Allahın elçisini inkar edib, ona qarşı açıq-aşkar meydan oxumuşdu. Hz. Lut (ə.s) isə tayfasını uzun müddət tövhid dininə çağırdı, hər hansı bir müsbət cavab ala bilmədikdə isə Allaha belə dua etdi:
(Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!.” (Ənkəbut Surəsi, 30)
Allah da, Hz. Lut (ə.s) –ın duasını qəbul etdi və Allahın Elçisinə qarşı çıxan Lut tayfası həlak oldu.
Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başına göydən bir əzab endirəcəyik!”Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət alsınlar deyə) o məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq. (Ənkəbut Surəsi, 34-35)
Bu misaldan da gördüyümüz kimi, dua təkcə insanların yaxşılığı, dünya və axirət səadəti üçün olmaya bilər. Peyğəmbərlər Allahın qoyduğu sərhədləri aşan, möminlərə zülm edən tayfanın həlakı üçün də dua etmişdir. Hz.Lut (ə.s) –ın duası da buna bir misaldır.
Hz. Əyyub (ə.s) –ın duaları
Quranda dörd yerdə Hz. Əyyub (ə.s) -dan bəhs edilir və onun səbri möminlərə nümunə olaraq göstərilir. Allahdan vəhy alan seçilmiş bir qul olan Hz. Əyyub (ə.s), ciddi bir xəstəliyə tutularaq çətinlik çəkmişdir. (Nisa Surəsi, 163) Ancaq yaşadığı hər cür ağır şərtlərdə daim səbri və Allaha olan etimadı ilə fərqlənmişdir. Allah onun bu xüsusiyyətini bütün möminlərə nümunə olaraq göstərir:
… Həqiqətən, Biz onu səbir edən gördük. O, nə gözəl qul idi. Çünki o, (daim Allaha) sığınan bir kimsə idi. (Sad surəsi, 44)
Hz. Əyyub (ə.s) düçar olduğu xəstəliklə yanaşı bir də şeytanın mənfi təlqini ilə üz-üzə qalmışdı. Ancaq Hz. Əyyub (ə.s) bu çətinliyini səmimi olaraq Allaha bildirmiş və Ondan kömək istəyərək dua etmişdir:
Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” (Sad surəsi, 41)
Bir başqa ayədə, Hz. Əyyub (ə.s) –ın duasından belə bəhs edilir:
Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”. (Ənbiya Surəsi, 83)
Allah, əlbəttə, bu saleh bəndənin duasını qəbul etmişdir. Allahın Hz. Əyyub (ə.s) -a verdiyi cavab ayələrdə belə xəbər verilir:
Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik. (Ənbiya Surəsi, 84)
Allah insanları müxtəlif formalarda imtahan edir. Allahın saleh qullarından biri olan Hz. Əyyub (ə.s) da çox ağır çətinliklə sınağa çəkilmişdir. Buna oxşar vəziyyətlər, imtahan mühiti olaraq dünyadakı başqa möminlərin də başına gələ bilər. Buna görə də bu cür vəziyyətə düşən hər bir mömin, Hz. Əyyub (ə.s) –ı özünə nümunə götürərək imtahanın növündən və müddətindən asılı olmayaraq, Allahın insanı daşıya bilməyəcəyi yüklə yükləməyəcəyini anlamalıdır.
Hz. Yusuf (ə.s) –ın duaları
Hz. Yusuf (ə.s)-ın hekayəsi, dua haqqında möminlər üçün gözəl nümunələrlə doludur. Hz. Yusuf (ə.s), qarşılaşdığı hər cür çətinliyə qarşı təvəkküllü, təslimiyyətli davranışı və Allaha olan sədaqəti ilə, sahib olduğu güclü imanını bütün vəziyyətlərdə göstərmişdir.
Hz. Yusuf (ə.s) -ın və atası Hz. Yaqub (ə.s) –ın başına gələn çətinliklər, azyaşlı Hz. Yusuf (ə.s) -ın qısqanc qardaşları tərəfindən quyuya atılıb, bir canavar tərəfindən parçalanması iddiası ilə başlayır. Ancaq Hz. Yaqub (ə.s), çox sevdiyi oğlunun başına gələn bu faciəli hadisə qarşısında Allaha olan təslimiyyətini qoruyur:
Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yaqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”(Yusuf Surəsi, 18)
Ayədən də aydın olduğu kimi oğlunun qanlı köynəyini görən Hz. Yaqub (ə.s), əsl möminə yaraşan davranışı göstərərək və ən düzgün davranışın “səbir, təvəkkül və dua” olacağını demişdi. Necə ki, quyuya atılaraq ölümə məhkum edilən Hz. Yusuf (ə.s), möcüzə nəticəsində yoldan keçən bir karvan tərəfindən tapılır. Onu tapan karvan, onu pul qarşılığında satmağa qərar verir və özləri ilə aparırlar.
Sonra isə qul kimi bir Misir əyanına satılan Hz. Yusuf (ə.s)-a həddi-buluğa çatanda Allah ona “elm və hikmət” (Yusuf Surəsi, 22) verdi.
Onu satın alan misirlinin arvadı, ayədə bildirildiyinə görə ondan murad almaq istəyir. Bunu qəbul etməyən Hz. Yusuf (ə.s) -ı zindana atdıracağı ilə təhdid edir. Bu hadisə ilə üzləşən Hz.Yusuf (ə.s) Allaha üz tutaraq belə dua edir.
(Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha yaxşıdır. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”. (Yusuf Surəsi, 33)
Ayədə göründüyü kimi Hz. Yusuf (ə.s), duasında düşdüyü vəziyyəti səmimi olaraq etiraf etmişdir. Bu hadisədən sonra zindana atılan Hz. Yusuf (ə.s), zindanda olan insanlar arasında təbliğə başlayır:
“ Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?! (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!” (Yusuf Surəsi, 39-40)
Uzun illər orada qaldıqdan sonra, Misirlinin arvadının da Hz. Yusuf (ə.s) –ın günahsız olduğunu etiraf etməsindən sonra Hz. Yusuf (ə.s) zindandan çıxarılır. (Yusuf Surəsi, 51-54)
Bütün bu çətinliklərin ardından Hz. Yusuf (ə.s) –ın duası qəbul edilir və quyuya atılmağı ilə başlayan hadisələr, ölkənin iqtidarında söz sahibi olması ilə davam edir:
Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. (Yusuf Surəsi, 56)
Beləliklə, iqtidar sahibi olan Hz. Yusuf (ə.s), onu zindandan çıxararaq xəzinənin başına keçirən Allaha şükr edir və dünyada Müsəlman olaraq ölmək və axirətdə də salehlərlə birlikdə olmaq üçün dua edir:
“Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərdən et!”. (Yusuf Surəsi, 101)
Hz. Şuayb (ə.s) –ın duaları
Mədyən və Əykə xalqına peyğəmbər olaraq göndərilən Hz. Şuayb (ə.s.), Allahın buyurduğu hökmləri tapdalayan qövmünü imana dəvət etmişdi. (Əraf Surəsi, 85)
Mədyən xalqının Hz. Şuayb (ə.s.) – a cavabı Nuh və Lut tayfalarının cavablarından fərqli olmadı. Hz. Şuayb (ə.s) –ın dediklərini qəbul etməyən xalq, onu və digər möminləri yaşadıqları torpaqlardan sürgün etməklə təhdid etdi:
Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracayıq, ya da siz bizim dinimizə dönəcəksiniz! …” (Əraf Surəsi, 88)
Hz. Şuayb (ə.s.) isə, Mədyən xalqının laqeydliyini və təhdid dolu davranışını görüb Allaha təvəkkül edərək Ona dua etdi:
Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”. (Əraf surəsi, 89)
Nəticədə Lut və Nuh qövmünün başına gələnlər Mədyən xalqının da başına gəldi. Hz. Şuayb (ə.s) –ın duası ilə Allah hökmünü verdi və Allahın elçisini tanımayan qövm məhv edildi:
Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular. Şueybi yalançı sayanlar, sanki orada heç firəvanlıq, şadlıq içində yaşamamış kimi oldular. Şueybi təkzib edənlərin özləri ziyana uğrayanlardan oldular. (Əraf Surəsi, 91-92)
Hz. Süleyman (ə.s) –ın duaları
Hz. Süleyman (ə.s) –ın əsas xüsusiyyətlərindən biri, böyük güc və iqtidara malik olması idi. Ona bir çox üstün qabiliyyətlər də verilmişdi. Hz. Süleyman (ə.s) -a verilən bu üstün qabiliyyətlər arasında cinləri idarə etmək, hətta heyvanlarla danışa bilmək də var idi. Hz. Süleyman (ə.s) –ın heyvanların danışıqlarını başa düşməsi Quran ayələrində belə xəbər verilir:
Süleyman Davuda (peyğəmbərlikdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quşların dili öyrədildi və bizə hər şeydən (bol nemət) verildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür”. (Nəml Surəsi, 16)
Ona verilən üstünlüklərə görə Allaha şükür edən Hz. Süleyman (ə.s) –ın duası isə belədir:
“… Ey Rəbbim, mənə, ana və atama verdiyin nemətlərə şükr etmək üçün, Sənin razı salacaq yaxşı işlər görmək üçün ilham ver və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et.” (Nəml Surəsi, 19)
Allah Hz. Süleyman (ə.s) -a bəzi xüsusi qabiliyyətlərdən başqa böyük maddi imkanlar da vermişdir. Hz. Süleyman (ə.s.) da verilən bu imkanlara görə Allaha həmişə şükr etmiş və belə dua etmişdi:
Rəbbim, məni bağışla və mənə heç kimə nəsib olmayan bir mülk ver. Həqiqətən, Sən böyük ehsan sahibisən. (Sad surəsi, 35)
Əvvəlki səhifələrdə də duanın yalnız şəxsi və dünyəvi arzular üçün edilməməsi haqqında danışmışdıq. Hz. Süleyman (ə.s) -ın“heç kimə nəsib olmayan bir mülk” istəməsi də dünyəvi bir istək deyil, əslində axirətlə əlaqəli bir arzu idi. Həmçinin onun “… həqiqətən mənim mala (nemətə) olan məhəbbətim Allahı zikr etməyi üstün tutduğumdam irəli gəlir …” (Sad surəsi, 32) dediyi ayələrdə bildirilir. Yəni, Hz.Süleyman (ə.s)-ın Allahdan mal-mülk istəməsi Allahı daha çox zikr etmək üçün idi.
Əgər bir insan əlində olan maddi imkanları Allah rizası üçün istifadə edir və bu imkanlar onu Allaha yaxınlaşdırırsa, Allahı zikr etməyinə vəsilə olursa, onun dünya nemətlərini istəməsində heç bir qəbahət iş yoxdur. Çünki istədiyi nemətlər onu axirətə yaxınlaşdıracaq bir vəsilə halına gəlmişdir.
Hz. Zəkəriyya (ə.s) –ın duaları
Quranın üç fərqli surəsində Hz. Zəkəriyya (ə.s) –ın dualarından bəhs edilir. Xeyli yaşlanmış olan Hz. Zəkəriyya (ə.s), özündən sonra qövmü arasında imanı davam etdirmək üçün Allahdan bir övlad istəmişdi. Özünün xeyli yaşlı olması, arvadı isə sonsuz olduğu üçün uşağı olmamışdır, yəni varisi yox idi. Buna görə də Allaha dua etdi:
Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) naümid qalmamışam. Mən özümdən sonra gələn qohumlarımdan (dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et …” (Məryəm Surəsi, 3-6)
(O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” (Al-i İmran Surəsi, 38)
(Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi.” (Ənbiya Surəsi, 89)
Ayədə Hz. Zəkəriyya (ə.s) –ın Allaha gizlicə dua etdiyi bildirilir. Bu, səmimiyyətin ən böyük nümunələrindən biridir. Hansı ki, Allah, Ona bu cür səmimiyyətlə müraciət edən Hz. Zəkəriyya (ə.s) –ın duasını qəbul etmişdir:
Biz (Zəkəriyyənin) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər… (Ənbiya Surəsi, 90)
(Allahdan belə bir nida gəldi:) “Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!” (Məryəm Surəsi, 7)
O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. (Al-İmran Surəsi, 39)
Ayələrin davamında bildirildiyinə görə, Hz. Zəkəriyya (ə.s) etdiyi duanın əvəzində, yaşlı olmasına baxmayaraq Allahın ona bir oğul övlad bağışlamasına təəccübləndi. Bu müjdəni çatdıran mələk isə Ona Allahın qüdrətini xatırladır:
O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?” (Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”».” (Məryəm Surəsi, 8-9)
Əvvəlki səhifələrdə Allahın səmimi qullarının dualarına onlar üçün ən xeyirli olacaq tərzdə cavab verdiyini qeyd etmişdik. Allahın, Ona səmimi dua edənlərin yeganə dostu və köməkçisi olduğunu da bildirmişdik. Allah, övlad sahibi ola bilməsi qeyri-mümkün olan Hz. Zəkəriyya (ə.s)-a da, səmimi duasını qəbul edərək saleh bir oğul bəxş etmişdir.
Hz. Yunus (ə.s) –ın duaları
Quranda, Hz. Yunus (ə.s) -dan belə bəhs edilir:
Yunus da, həqiqətən, elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Beləliklə püşk çəkmədə iştirak etdi və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu uddu. (Saffat Surəsi, 139-142)
Hz. Yunus (ə.s.) peyğəmbər olaraq göndərildiyi qövmü tərk etmişdi. Yuxarıdakı ayələrdən də məlum olduğu kimi, mindiyi gəmidə sərnişinlər arasında püşk atılmış və nəticədə onun dənizə atılmasına qərar verilmişdi. Quranda bildirildiyinə görə, dənizə atılan Hz. Yunus (ə.s.)-ı nəhəng bir balıq udmuşdu. Balığın qarnında ikən peşman olan Hz. Yunus (ə.s.), Uca Rəbbimiz Allaha belə dua etmişdir:
Səndən başqa İlah yoxdur, Sən pak və müqəddəssən, həqiqətən mən zalımlardan oldum. (Ənbiya Surəsi, 87)
Allah isə Hz. Yunus (ə.s) –ın səmimi duasını qəbul etmiş və onu möcüzəvi tərzdə xilas etmişdir:
Biz onun duasını qəbul etdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk. (Ənbiya Surəsi, 88)
Bundan sonra Allah, Hz. Yunus (ə.s.)-ı itaətli bir qövmə təyin etmişdir:
“Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik..” (Saffat Surəsi, 147-148)
Yuxarıdakı bölmələrdə, Allahın bir duanı qəbul edərkən bunu müəyyən səbəblərə bağladığını, ancaq istədiyi zaman səbəbsiz yerə də istənilən şeyi həyata keçirə biləcəyini və bunun, göylərin və yerin Rəbbi olan Allah üçün olduqca asan olduğunu yazmışdıq. Allah Hz. Yunus (ə.s) –ın duasını qəbul edərkən də hər cür çətin görünən şərti ortadan qaldırmış və Hz. Yunus (ə.s.)- ı balığın qarnından qurtarmışdır. Bu, insanın heç bir zaman Allahın rəhmətindən ümidini kəsməməsi və həmişə Ona dua etməli olduğunun əsas dəlillərindən biridir. İnsan Rəbbimizə səmimi, ürəkdən üz tutarsa, əvəzini də qəti olaraq görəcəkdir.
Hz. İsa (ə.s) –ın duaları
Quranda, Hz. İsa (ə.s) -dan bəhs edilərək belə buyrulur:
Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır….” (Al-İmran Surəsi, 45)
Quranda həvarilərin Hz. İsa (ə.s) -dan Allaha dua edib göydən bir süfrə endirilməsini istədikləri xəbər verilir. “Süfrə” mənasını verən “Maidə” Surəsində xəbər verilən bu hadisədən belə bəhs edilir:
Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):” Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi. (Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq”.. (Maidə Surəsi, 112-113)
Həvarilərin bu istəklərinin arxasında fövqəladə bir hadisəni görmək dayanırdı. Hz. İsa (ə.s), bu möcüzə istəyinin yersiz olduğunu bildirməsinə baxmayaraq, həvarilər göydən süfrə enərsə ürəklərinin daha çox təskinlik tapacağını təkid edirdilər. Hz. İsa (ə.s) isə, həvarilərin bu istəklərindən sonra Allaha dua edərək, Qurandakı bir çox dua nümunəsində olduğu kimi Allahı sifətləriylə yad etdi. Quranda, Hz. İsa (ə.s) –ın bu duasından belə bəhs edilir:
Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” (Maidə Surəsi, 114)
Allah Hz. İsa (ə.s) –nın duasını qəbul etdi və belə buyurdu:
Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!” (Maidə Surəsi, 115)
Hz. İsa (ə.s) –ın Maidə surəsindəki ikinci duası isə, həvarilərin qorunması və bağışlanması ilə bağlı idi:
(Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
Mən onlara yalnız Sənin mənə verdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!”(Maidə Surəsi, 116-118)
Quranda Hz. Məhəmməd (s.ə.v) -in duaları
Quranda “Şübhəsiz sən, çox böyük bir əxlaq üzərindəsən” (Qələm Surəsi, 4) ayəsiylə tanıdılan son peyğəmbər Hz. Məhəmməd (s.ə.v), gecənin bir hissəsini dua, zikr və ibadətlə keçirirdi. Bir ayədə bundan belə bəhs edilir:
(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi bildiyi üçün sizi əfv etdi…. (Müzəmmil surəsi, 20)
Quranda Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) -in möminlərə qarşı nə qədər vəfalı və şəfqətli olduğu bildirilir və onların bağışlanmasını istədiyi xəbər verilir:
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş ürəkli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahlarından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Al-i İmran Surəsi, 159)
Quranda bir çox ayədə müqəddəs Peyğəmbərimiz (s.ə.v) -in dualarından bəhs edilir. Dualarda Allahı sifətləri ilə yad etmələri ən gözəl nümunələrdəndir. Bunu Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) -in dualarında da görə bilərik. Bunlardan biri belədir:
De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan, istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.” (Al-i İmran Surəsi, 26)
Bütün peyğəmbərlər kimi Hz. Məhəmməd (s.ə.v.) də göndərildiyi qövmün zadəganlarının təhdidlərinə məruz qalmış, bəzən şeytanın mənfi təlqinləri ilə üzləşmişdir. Belə vəziyyətlərdə Peyğəmbərimiz (s.ə.v) düşdüyü çətinliklərdən xilas olmaq üçün Allaha belə yalvarmışdır:
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”.” (Muminun surəsi, 97-98)
Muminun surəsinin son ayəsində isə Peyğəmbərimiz (s.ə.v) -in bir duası da belə bildirilir:
De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” .” (Muminun surəsi, 118)
Hz. Musa (ə.s) –ın duaları
İsrail oğullarına elçi göndərilən Hz. Musa (ə.s), Fironun zülmündən xilas olmaq üçün, hələ körpə ikən anasına gələn vəhy nəticəsində bir çaya buraxılmışdı. Firon və ailəsi çayda tapdıqları Hz. Musa (ə.s) -ı oğulluğa götürmüşdülər. (Qəsəs Surəsi, 7-8) Fironun sarayında həddi buluğa çatanda, Hz. Musa (ə.s)-a digər peyğəmbərlər kimi Allahdan “elm və hikmət” verildi. (Qəsəs
Surəsi, 14)
Quranda Hz. Musa (ə.s) –ın Allaha üz tutaraq dua etməsinə səbəb olan bir hadisədən belə bəhs edilir:
O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, (haqq )(yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi!”. (Qəsəs Surəsi, 15)
Ayədə bəhs edilən hadisə nəticəsində Hz. Musa (ə.s) Allahdan bağışlanma dilədi və bir daha günahkarlara və cinayətkarlara dəstək olmayacağına dair Allaha söz verdi:
(Musa) dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” Allah da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir. (Musa) dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa (dəstək) olmayacağam!” (Qəsəs Surəsi, 16-17)
Hadisənin yayılmaması üçün şəhərin əyan-əşrəfi (böyükləri, vəzifəliləri) Hz. Musa (ə.s) -ı tutaraq öldürməyi planlaşdırdılar. Bundan xəbər tutan Hz. Musa (ə.s) yenə Allaha dua etdi:
Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!”– dedi. ” (Qəsəs Surəsi, 21)
Allah Hz. Musa (ə.s) –ın duasını qəbul etdi və Allahın göstərişi ilə Fironun şəhərindən ayrılaraq daha etibarlı və təhlükəsiz bir yerə getmək üçün yola çıxdı. Bu əsnada davamlı olaraq Allaha üz tutmuş və həmişə Allaha dua edirdi:
O, Mədyən tərəfə yollanıb: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”– dedi. O, Mədyən kənarındakı bir quyuya (sulağına) gəlib çatanda quyunun yanında (heyvanlarına) su verən adamlar gördü. Onların yaxınlığında da (qoyunlarını o biri heyvanlardan) geri çəkən iki qız görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar (heyvanlarını) sürüb aparmamış biz (qoyunlarımıza) su verə bilmirik. Atamız da çox qocadır”. (Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Hər verdiyin xeyrə möhtacam! (Bir qədər sonra) qızlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə (qoyunları) sulamağının haqqını ödəməkdən ötrü səni çağırır”. (Musa) onun yanına gəlib (başına gələn) əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!” (Qəsəs Surəsi, 22-25)
Bu hadisələrin ardından Hz. Musa (ə.s) Mədyəndə məskunlaşdı. Təxminən 8-10 il sonra ailəsiylə birlikdə Mədyəndən ayrıldı. Yolda Tuva Vadisi deyilən yerə gəlib çatdıqda ilk vəhyi orada aldı. Allah ona Fironun yanına getməsini və ona dini təbliğ etməsini əmr etdi. Hz. Musa (ə.s) –ın bu hadisə ilə bağlı Allaha belə dua etdiyi Qəsəs surəsində bildirilir:
(Musa) dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər. Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, (dediklərimi) təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”. (Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”. (Qəsəs Surəsi, 33-34)
Quranda bildirildiyinə görə Hz. Musa (ə.s) duyduğu həyəcanın ona bu təbliğ vəzifəsini yerinə yetirməsinə mane olacağından qorxurdu. Bunun üçün də Allaha dua etdi:
(Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar! Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu! Onun sayəsində mənim gücümü artır! Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Sənə çoxlu təriflər deyək və Səni çox zikr edək. Şübhəsiz ki, Sən bizi görürsən!” ” (Taha Surəsi, 25-35)
Hz. Musa (ə.s) –ın bu səmimi duasının cavabında Allah onu və qardaşını xüsusi bir qoruma altına aldığını belə bildirmişdir:
(Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”. (Qəsəs Surəsi, 35)
Hz. Musa (ə.s) –ın Firona göstərdiyi möcüzələr, Fironun yanındakı bəzi adamların iman etməsinə vəsilə olduğu halda, Firon və tayfasının əksəriyyəti Allaha qarşı təkəbbürlənməyə təkid etdilər. Bundan sonra Hz. Musa (ə.s) –ın Allaha belə dua etdiyi Quranda belə xəbər verilir:
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar (insanları) Sənin yolundan azdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, üzücü əzabı görməyincə iman gətirməsinlər”. (Allah) dedi: “Hər ikinizin duası qəbul olundu. (Dəvətinizdə) möhkəm olun və nadanların yoluna uymayın!” (Yunus Surəsi, 88-89)
Hz. Musa (ə.s) –ın bu duasından sonra Firon və bütün inkarçı ətrafı həlak edilmiş və İsrail oğulları Misirdən ayrılmışdılar. Misirdən çıxmalarından bir müddət sonra, Hz. Musa (ə.s) qardaşı Hz. Harunu yerinə təyin edərək, qırx günlük Tur dağına çıxdı. Burada ona vəhyin gəlməsini gözləyirdi. (Əraf surəsi, 142) Vəhy gələn kimi də Allaha belə dua etdi:
“… “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi…. (Əraf surəsi, 143)
Allah, Hz. Musa (ə.s) –ın bu istəyinə belə cavab verdi:
… Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə )danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”. (Əraf Surəsi, 143-144)
Hz. Musa (ə.s) Tur dağına gedərkən xalqının rəhbərliyini qardaşı Hz. Haruna həvalə etmişdi. Ancaq qövmü Hz. Musa (ə.s) –ın onlardan müvvəqəti ayrılmasından sonra nankorluq göstərərək Misirdəki bütpərəst inanclarına geri döndülər. Özlərinə bir buzov heykəli düzəldib ona səcdə etdilər. Hz. Musa (ə.s) qövmünün buzova sitayiş etdiklərini görən kimi aralarından möminləri ayıraraq Allahın vəhy etdiyi görüş yerinə doğru yola çıxdılar. Ancaq görüşmə yerinə gəlməmişdən əvvəl bunları da ayənin ifadəsiylə “dözülməz bir sarsıntı” tutan kimi, Allahdan onu və yanındakı möminləri bağışlamasını dilədi:
… “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayədarımızsan! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan. Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu (Allahdan) qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.!.” (Əraf surəsi, 155-156)
Quranda Hz. Musa (ə.s) haqqında bəhs edilənlərə nəzər saldıqda, Hz. Musa (ə.s) –ın dualarında ən çox cəlb edən məqamlardan biri, onun səmimiyyəti və gözüaçıq olmasıdır. Allaha səmimiyyətlə dua etmiş və Ondan kömək istəmişdi. Allah, Hz. Musa (ə.s)-ı zamanla və hadisələrlə öyrədərək böyük güc sahibi bir peyğəmbər halına gətirmişdir.
Əvvəldə də vurğuladığımız kimi, duanın ən əhəmiyyətli şərtlərindən biri onun səmimiyyətlə və ürəkdən edilməsidir. İnsanı bu məqamda çaşdıracaq məsələlərdən biri, Allaha qarşı utanaraq Ona bəzi günah ya da qüsurları etiraf etməmək meylidir. Bəzi insanlar bu meylin təsiriylə Allaha dua edərkən çox “rəsmi” bir ruh halı içində olarlar və bəlkə utandıqlarına görə, bəlkə də qürurlandıqlarına görə Allaha hər şeylərini açmazlar. Halbuki, Allah bizim hər cür xətalarımızı, etdiyimiz, hətta ağlımızdan keçirtdiyimiz hər cür səhv və anormal fikri, davranışları bilir. Ona görə gözüaçıq və səmimiyyətlə Allaha yönəlib hər sirrimizi Ona açmalıyıq. Allaha qarşı ümid və qorxu, Allah ilə bəndəsi arasında “rəsmiyyət” qoyacaq bir maneə deyil, əksinə bəndələri Allaha daha çox yaxınlaşdıracaq bir həvəsləndirmədir.
Quranda Müsəlmanların Duaları
Allah Quranda müsəlmanların nələrə dua etmələrini bir çox ayələrdə bildirmişdir. Dua, taleyimizdə yazılar və bizi düzgün istiqamətləndirər. Taleyimizi təqdir edən də, bizə duanı etdirən də Allahdır. Dua, müsəlmanın ən əhəmiyyətli ibadətlərindən biridir. Dua edən mömin Allaha qarşı acizliyini bilib, davamlı təslimiyyətli bir ruh halında olar. Dualarının əvəzində Allahın Qatında qiymətli, təqva sahibi bir qul ola biləcəyinə ümid edər. Allah bir ayəsində belə buyurur:
“De ki: Duanız olmasaydı Rəbbim sizə dəyər verməzdi …” (Furqan Surəsi, 77)
Quranda xəbər verilən və iman edənlərin həyatlarında bir dəfə də olsa oxumaları lazım olan dualardan bəzilərinə nəzər salaq.
“… “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır. Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir…. ” (Bəqərə surəsi 200-202)
Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlardedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi 285)
… “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi 286)
“Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən. “(Al-i İmran Surəsi 8)
“Ey Rəbbimiz! Həqiqətən, (gerçəkləşəcəyinə) şübhə edilməyən bir gündə insanları (bir yerə) Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!” (Al-i İmran Suresi 9)
O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər.” (Al-i İmran Surəsi, 16)
Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.. (Al-İmran Surəsi, 147)
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Al-i İmran Surəsi 191)
“Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. “(Al-i İmran Surəsi 192)
“Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al! ” (Al-i İmran Surəsi 193)
“Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!.” (Al-i İmran Surəsi 194)
(Allahın) elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! ” (Maidə Surəsi 83)
Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” (Əraf surəsi, 47)
Onlar dedilər: “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım camaatın əlində sınağa çəkmə!.” (Yunus Surəsi, 85)
“Və bizi Öz mərhəmətinlə kafir camaatın əlindən qurtar”. (Yunus Surəsi, 86)
və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər.” (İsra Surəsi, 108)
“Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.”(Kəhf Surəsi, 10)
Ancaq: “Əgər Allah istəsə!” (“inşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.” (Kəhf Surəsi, 24)
“Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.” (Mu’minun Surəsi, 109-110)
De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” .” (Muminun surəsi, 118)
Nəticə
Quranda izah edilən dua anlayışı insanın həyatı boyu riayət etməsi lazım olan çox əhəmiyyətli bir mövzudur. Bir hədisdə duanın əhəmiyyəti belə bildirilmişdir:
Dua, möminin silahıdır və dinin dirəyidir. Göylərin və yerin nurudur. (Hz. Əli r.a.) (Ramuz əl-Hədis, s. 207)
Bu açıq həqiqətə baxmayaraq insanların böyük bir qismi Qurandan xəbərsiz olduqlarına görə və ya Quranı kifayət qədər bilmədiklərinə görə, bəlkə də həyatlarında bir dəfə də belə olsun Quranda bildirildiyi kimi Allaha üz tutub səmimi dua etməzlər.
Hazırda oxuduğumuz bu kitabda isə, əslində Qurana görə “ən böyük” olan (Ənkəbut Surəsi, 45) Allahı zikr etməyin əhəmiyyəti vurğulanmışdır. Burada bəhs edilənləri nəzərə alsaq, Allaha məhz Onun dilədiyi kimi dua etmək hamımızın vəzifəsidir. Bu həm böyük bir vəzifə həm də bizim əbədi həyatımızı qurtaracaq böyük bir vəsilədir. Çünki Quranda, Allaha dua etməyənlərin sonunun cəhənnəm əzabı olduğu xəbər verilir:
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Mömin Surəsi, 60)