QURAN ALLAH QATINDAN HAQQ OLARAQ ENDİRİLMİŞDİR:
“Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər.” (Bəqərə surəsi, 176)
“O, sənə Kitabı haqq və özündən əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi…” (Ali İmran surəsi, 3)
“Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Allah Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir. ” (Nisa surəsi, 174-175)
“Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna.” (Ənam surəsi, 155)
“Rəbbinizdən sizə nazil edilənə tabe olun. Onu qoyub başqa dostlara uymayın. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz.” (Əraf surəsi, 3)
“Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu buna inanmır.” (Rəd surəsi, 1)
“Heç şübhəsiz, zikri (Quranı) Biz endirdik Biz; onun qoruyucuları da həqiqətən Bizik.” (Hicr surəsi, 9)
“Biz Quranı haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən bir elçi kimi göndərdik.” (İsra surəsi, 105)
“Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!” (Kəhf surəsi, 1)
“Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar.” (Taha surəsi,113)
“Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya surəsi, 10)
“Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.” (Nur surəsi, 34)
“Biz açıq-aydın ayələr nazil etdik. Allah istədiyini doğru yola yönəldir.” (Nur surəsi, 46)
“Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır.” (Ənkəbut surəsi, 51)
“Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma” (Nisa surəsi, 105)
“Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki” (Yasin surəsi, 5)
“De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma.” (Ənam surəsi, 114)
“Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini görürlər” (Səba surəsi, 6)
And olsun ki, Biz öyüd-nəsihət alsınlar, sözü bir-birinin ardınca düzüb-endirdik. Bu (Quran) dan əvvəl, kitab verdiyimiz kəslər ona inanırlar. Onlara oxunduğu zaman: “Biz ona inandıq, həqiqətən o, Rəbbimizdən olan bir haqdır, şübhəsiz biz bundan əvvəl də müsəlmanlardıq” deyərlər. (Qəsəs Surəsi, 51-53)
“Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu sadiq Ruh (Cəbrayıl) endirdi, sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi. Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır. Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi? Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.” (Şuəra surəsi, 192-199)
“Həqiqətən, bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır). Ona yalnız pak olanlar toxunur. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.” (Vaqiə surəsi, 77-80)
Həqiqətən, Biz səni bir müjdəçi və xəbərdar edən olaraq, haqq (Quran) ilə göndərdik. Sən cəhənnəm xalqından məsul tutulmayacaqsan. (Bəqərə surəsi, 119)
“Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar?!” (Casiyə surəsi, 6)
“Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.” (Həcc surəsi, 54)
QURAN, ALLAHDAN BİR NUR, BİR YOL GÖSTƏRİCİ,
BİR HİDAYƏT VƏ RƏHMƏTDİR
…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim…. (Maidə surəsi, 3)
Bu, özündə şübhə olmayan, müttəqilər üçün yol göstərici olan bir Kitabdır. (Bəqərə surəsi, 2)
Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir. (Ali-İmran surəsi, 138)
“Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Məhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını axtaran şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.” (Maidə surəsi, 15-16)
Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən…(Şura surəsi, 52)
And olsun ki, Biz onlara bir kitab gətirdik; iman edən bir qövm üçün hidayət və mərhəmət olmaq üzrə bir məlumata əsaslanaraq onu müxtəlif formalarda izah etdik. (Əraf surəsi, 52)
Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir. (Yunus surəsi, 57)
Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)
“O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.” (Nəhl surəsi, 89)
“Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır.” (İsra surəsi, 82)
Və həqiqətən o, möminlər üçün bir hidayət və bir rəhmətdir. (Nəml surəsi, 77)
“Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən…” (Şura surəsi, 52)
“Bu Quran doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənləri ən pis cəza – ağrılı-acılı əzab gözləyir.” (Casiyə surəsi, 11)
Halbuki, o (Quran), aləmlərə bir zikrdən (öyüd, xatırlatma, hökm və üstün bir şərəf) dən başqa bir şey deyil. (Qələm surəsi, 52)
Çünki o (Quran, Allahdan çəkinən) müttəqilər üçün bir nəsihətdir. (Haqqə surəsi, 48)
Və şübhəsiz o, qəti bir həqiqətdir (hakkəl-yakin). (Haqqə surəsi, 51)
Həqiqət (budur ki), o (Quran,) əlbəttə bir öyüd-nəsihətdir. Artıq kim istəsə, öyüd alıb düşünər. (Muddəssir surəsi, 54-55)
“Bu, aləmlərə yalnız bir nəsihətdir, sizlərdən doğru yolda olmaq istəyənlər üçün.” (Təkvir surəsi, 27-28)
“Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir.” (Casiyə surəsi, 20)
“Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.” (Yusuf surəsi, 111)
“Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan. Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız.” (Zuxruf surəsi, 43-44)
“Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.“ (Sad surəsi, 29)
“Sən onlara möcüzə gətirmədiyin zaman: “Nə olardı ki, onu da özündən uyduraydın?” – deyərlər. De: “Mən yalnız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir qövm üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir.“ (Əraf surəsi, 203)
“Biz Kitabı ancaq, barəsində ixtilafa düşdükləri şeyi onlara izah etmən və inanan bir qövmə rəhmət və hidayət olması xaricində (başqa bir məqsədlə) göndərmədik.” (Nəhl surəsi, 64)
“Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir.” (İsra surəsi, 9)
“Əgər, özüylə dağların yeridildiyi yerin parçalandığı və ya ölülərin danışdırıldığı bir Quran olsaydı (yenə bu Quran olardı). Xeyr, əmrin hamısı Allahındır. İman edənlər, hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola çatdırmış olardı. İnkar edənlər, Allahın vədi gələnə qədər etdikləri əməllərə görə ya başlarına çətin bir bəla gələcək və ya onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədindən geri dönməz…” (Rad surəsi, 31)
QURAN ÖYÜD-NƏSİHƏTLƏ XATIRLATMADIR
“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf surəsi, 45)
“Biz Quranı zikr (öyüd alıb düşünmək) üçün belə asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (Qəmər surəsi, 17)
ALLAH QURANDA HƏR ŞEYİ AÇIQLAMIŞDIR
“Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar” (Ənam surəsi, 38)
“And olsun ki, bu Quranda insanlar üçün Biz hər nümunədən müxtəlif açıqlamalar etdik. İnsan, hər şeydən çox mübahisə edəndir.” (Kəhf surəsi, 54)
“Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!” – deyəcəklər.” (Rum surəsi, 58)
“Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.” (Furqan surəsi, 33)
“Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr.” (Zumər surəsi, 27)
“Biz bu Quranda dinin ehkamlarını izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu onların yalnız nifrətini artırır.” (İsra surəsi, 41)
“Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik.” (Bəqərə surəsi, 118)
“Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır.” (Hud surəsi, 1)
“Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.” (Yusuf surəsi, 111)
QURAN ALLAHIN HİMAYƏSİNDƏDİR, DƏYİŞDİRİLƏ BİLMƏZ
Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir. (Ənam surəsi, 115)
Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”. (Yunus surəsi, 15)
Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir. (Yunus surəsi, 37)
Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. (Kəhf surəsi, 27)
ALLAHIN QURANI ENDİRMƏSİNİN BİR HİKMƏTİ DƏ, İNSANLARI XƏBƏRDAR EDİB-QORXUTMAQDIR
“Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə pis əməllərdən çəkinələr.” (Ənam Surəsi, 51)
De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim… (Ənam surəsi, 19)
“Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar” (İbrahim surəsi, 52)
QURANA İNANMAYAN İNSANLARIN MÖVQEYİ
Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik. Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!” Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik. Onlar Quranı hissələrə böldülər. (Hicr surəsi, 87-91)
Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək. (Furqan surəsi, 30)
“Sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!” (Casiyə surəsi, 28)
“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır? ” (Məhəmməd surəsi, 24)