İman edənlərin həyatlarında bir dəfə də olsa oxumalı olduqları dualar
Allah müsəlmanlara nələrə dua etməli olduqlarını Quranın bir çox ayələrində bildirmişdir. Dua bizim qədərimizdə var olana doğru istiqamətləndirər. Qədərimizi təqdir edən də, bizə duanı etdirən də Allahdır. Dua müsəlmanın ən əhəmiyyətli ibadətlərindən biridir. Dua edən mömin Allaha qarşı acizliyini bilib, həmişə təslimiyyətli bir ruh halında olar. Dualarının qarşılığında Allah qatında qiymətli, təqva sahibi qul ola biləcəyinə ümid edər. Allah ayələrinin birində belə buyurur:
“De ki: Duanız olmasaydı, Rəbbim sizə dəyər verərdimi?…” (Furqan Surəsi, 77)
Quranda xəbər verilən və iman edən şəxslərin həyatlarında bir dəfə də olsa oxuması vacib olan dualardan bəzilərinə nəzər yetirək.
“… İnsanlardan eləsi vardır ki: “Rəbbimiz, bizə dünyada ver” deyər; onun axirətdə nəsibi yoxdur. Onlardan eləsi də vardır ki: “Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq (ver) və bizi atəşin əzabından qoru” deyər…” (Bəqərə surəsi 200-202)
Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi 285)
… “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə Surəsi 286)
Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən. (Ali İmran surəsi 8)
Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə insanları bir yerə Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz! (Ali İmran surəsi 9)
O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!” – deyirlər; (Ali İmran surəsi, 16)
Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” – olmuşdur. (Ali İmran surəsi, 147)
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi 191)
Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. (Ali İmran surəsi 192)
Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!” – deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al! (Ali İmran surəsi 193)
Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!” (Ali İmran surəsi 194)
Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! (Maidə surəsi 83)
Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” (Əraf surəsi, 47)
Onlar dedilər: “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə! (Yunus surəsi, 85)
Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!” (Yunus surəsi, 86)
və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!” – deyirlər. (İsra surəsi, 108)
Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər. (Kəhf surəsi, 10)
Ancaq: “Əgər Allah istəsə!” (“inşallah” – de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” – de. (Kəhf surəsi, 24)
Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu məsxərə Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz. (Muminun surəsi, 109-110)
De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (Muminun surəsi, 118)