Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v.)-in fədakar əxlaqı

Allahın razılığı üçün birlik və bərabərlik içində hərəkət etmək möminlərin çətinliklər qarşısında uğur əldə etməsində əhəmiyyətli bir imani sirrdir. Müsəlmanların tarix boyu yaşadıqları hadisələrə baxdıqda da sıxıntı və çətinliklərin öhdəsindən həmişə bu şəkildə gəlindiyini görürük. Başda Allahın bütün insanlara örnək etdiyi Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v.) və səhabələr olmaqla, müsəlmanlar bu əxlaqı ən gözəl şəkildə yaşamış, göstərdikləri üstün fədakarlıqla İslamiyyətin və Quran əxlaqının bütün dünyaya yayılmasına vəsilə olmuşlar.

Peyğəmbərimiz (s.ə.v.) göndərildiyi müşrik cəmiyyəti o günə qədər yaşadıqları azğın inanclarını tərk etməyə və yalnız bir olan Allaha qulluq etməyə çağırmışdır. Rəsul-i Əkrəm bu təbliği əsnasında çox böyük çətinliklərlə qarşılaşmışdır. İslam əxlaqının cəmiyyətdə yayılmasının öz mənfəətlərini zədələyəcəyini düşünən müşriklər Peyğəmbərimiz (s.ə.v.)- ə və inananlara qarşı əlbir olmuş, əllərindəki bütün imkanları istifadə edərək böyük bir mübarizə aparmışlar. Atalarının şirk dinini dəyişdirməyi qəbul etməmiş, Peyğəmbərimiz (s.ə.v.)- ə tələlər qurmağa cürət etmişlər. Rəsulullahdan nəfslərinə uyğun bir ayə gətirməsini istəmiş, onu öldürməyə, yaşadığı yerdən sürgün etməyə, ya da həbs etməyə cəhd etmişlər.

Allahın Rəsulunun təbliğinin insanlar üzərindəki təsirinin qarşısını ala bilmək üçün, Peyğəmbərimiz (s.ə.v.)-ə dəlilik, cadugərlik, əqli çatışmazlıq, yalançılıq, şairlik kimi əsassız böhtanlar yağdırmışlar. Peyğəmbərimiz (s.ə.v.) inkarçıların sözlü və əməli olaraq etdikləri bütün bu böhtan və hücumlara qarşı çox üstün bir səbr və təvəkkül göstərmiş, onlara hər zaman Quran əxlaqıyla cavab vermişdir. Allahın endirdiyini heç bir dəyişikliyə uğratmadan, yalnız Allahdan qorxub çəkinərək hərəkət etmişdir. Edilən bütün hədələrə, təzyiqlərə və çətinliklərə baxmayaraq, dini təbliğ etməyə davam etmişdir. İnkarçılara qarşı apardığı bu mübarizə ilə yanaşı, onunla bərabər olan müsəlmanların hər cür məsuliyyətini də öz öhdəsinə götürmüşdür. Onları bir tərəfdən təhlükələrdən qoruyarkən, digər tərəfdən də din əxlaqını təbliğ edərək ətrafındakı bütün insanları öyrətmişdir.

Şübhəsiz ki, Rəsulullah (s.ə.v)-in bu üstün əxlaqı bütün müsəlmanlar üçün çox əhəmiyyətli bir nümunədir. Peyğəmbərimiz (s.ə.v.)- in ən çətin şərtlərdə olarkən belə, əvvəlcə dinin mənfəətlərini, müsəlmanların rahatılığını, təhlükəsizliyini və dincliyini ön planda tutması, onun sahib olduğu üstün fədakarlıq anlayışını göstərir. Müharibələrin qızışdığı, Allahın müsəlmanları aclıq, yoxluq, xəstəlik kimi çətinliklərlə sınadığı bir mühitdə Peyğəmbərimiz (s.ə.v.), müsəlmanlara qarşı çox böyük sevgi göstərmiş, onları mərhəmət və şəfqətlə qorumuşdur.

Səhabələr də hz. Məhəmməd (s.ə.v.)- in bu üstün fədakarlıq anlayışını özlərinə örnək götürüb, maddi və mənəvi hər mövzuda üstün bir əxlaq göstərmişlər. Bu fədakarlıq ruhuna söykənən birlik və bərabərlik nəticəsində böyük bir güc əldə etmiş, Allahın rəhməti ilə inkar edənlərə və müşriklərə qarşı böyük zəfərlər qazanmışlar. Peyğəmbərimiz (s.ə.v.)- in dövründə çox kiçik bir birlik olan müsəlmanların sayı getdikcə artmış, İslamiyyət bütün Ərəb yarımadasına yayılmışdır.

Peyğəmbər (s.ə.v.) hər şeydən əvvəl nəfsindən böyük fədakarlıqlar etmiş, iman edənlərin dünya və axirət mənfəətləri üçün öz nəfsindən keçmişdir. Şübhəsiz ki, İslam əxlaqını yeni öyrənən şəxslərin təlimi çox vaxt böyük fədakarlıqlar tələb etmişdir. Quranın müxtəlif ayələrində, istər bədəvi olaraq adlandırılan köçərilərin, istərsə də ürəkləri imana hələ yeni isnişən şəxslərin cahilcə rəftarlarından bəhs edilir. Quranda olan bu ayələrdən bəziləri belədir:

 Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!”– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!” (Hucurat surəsi, 14)

Bədəvilər kafirlik və mü­nafiqlik baxımından daha betər, Allahın Öz El­çisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 97)

Çevrənizdəki bədəvilərdən və Mə­dinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstə­rir, sən isə onları tanımırsan. Biz ki onları tanı­yırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar. (Tövbə surəsi, 101)

BeFunky_Islamic_Wallpaper_Quran_001-1366x768

Peyğəmbərimiz (s.ə.v.) ətrafındakı insanların cahil rəftarlarına daima ən gözəl şəkildə, Quran əxlaqıyla cavab vermişdir. Quranda Rəsulullah (s.ə.v)-in bu üstün əxlaqı belə bildirilir:

Həqiqətən də, sən böyük əxlaq sahibisən! (Qələm surəsi, 4)

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)

Bir insanın ətrafındakı şəxslərin bəzən cahillikdən, bəzən isə pis niyyət, pis əxlaq, ya da zalımlıqları səbəbi ilə göstərdikləri yanlış rəftarlara qarşı səbir göstərə bilməsi, bütün bunlara ən gözəl əxlaq ilə qarşılıq verə bilməsi böyük bir fədakarlıq nümunəsidir. Xüsusilə də onun haqlı olduğu və ya haqsızlığa uğradığı vəziyyətlərdə bu haqqından imtina edə bilməsi böyük bir üstünlükdür. Bəzən cahil insanlar bu üstün əxlaqı təqdir etməyə bilər, ya da  hətta düşünməyə belə bilər. Ancaq bu əxlaqı yalnız Allahın razılığını qazana bilmək üçün yaşayan dərin iman sahibləri bağışlayar, səbir göstərər, nəfsə ən çətin gəldiyi vəziyyətlərdə belə nəfslərindən keçərlər. Rəsul-i Əkrəm də ətrafındakı insanların pis niyyətli rəftarlarına qarşı, Allahın razılığı üçün öz nəfsindən fədakarlıq etmiş, daima onları doğru olana təşviq edib islah etmə yolunu seçmişdir. Allah, Peyğəmbərimiz (s.ə.v.)-in möminlərə qarşı olan bu sevgisini, fədakarlığını və gözəl əxlaqını ayələrdə belə bildirir:

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Ali-İmran surəsi, 159)

Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)

(İsrail oğulları ) verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə ) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. (Maidə surəsi, 13)

Hz. Aişə (r.ə)-dən rəvayət edilən bir hədisdə Peyğəmbərimiz (s.ə.v.)- in bu gözəl əxlaqı “…Rəsullullah başqalarını nəfsindən üstün tutardı.” sözləri ilə ifadə edilmişdir. Hz. Hüseyn (r.ə)-dən rəvayət edilən bir hədisdə isə aləmlərə rəhmət olaraq göndərilən Rəsulullah (s.ə.v.)- in fədakar əxlaqı belə izah edilir:

Atama Rəsullullah (s.ə.v)-in necə oturduğunu soruşdum, belə buyurdu: “Allah elçisi ancaq zikr üçün oturardı. Özünə oturmaq üçün müəyyən yerləri hazırlamadığı kimi, belə etməkdən insanları da çəkindirərdi. Bir məclisə çatdıqda, harada məclis bitmişsə (boş yer varsa) orada oturar və səhabələrə də belə davranmalarını əmr edərdi. Özü ilə oturan hər kəsə payını verərdi. Onunla oturan heç kim Rəsullullah (s.ə.v)-in qatında özündən daha üstünü olduğu qənaətinə gəlməzdi. Kim Rəsullullah (s.ə.v) ilə otursa və ya bir ehtiyacını hz. Peyğəmbərə bildirmək üçün yanına getsə, hz. Peyğəmbər (s.ə.v.) ona qarşı səbir edər, o Rəsullullah (s.ə.v)-i buraxıb gedərdi. Kim hz. Peyğəmbər (s.ə.v.)- dən bir ehtiyacını istəsə, ya o ehtiyacı yerinə yetirər və ya şirin söz söyləyərək onu geri qaytarardı. O gülər üzlü, gözəl əxlaqlı biri idi. ”

Başqa bir hədisdə Rəbbimizin yüksək əxlaq vermiş olduğu hz. Məhəmməd (s.ə.v)-in bu üstün rəftarı belə nəql edilir:

Yezid ət-Teymi belə nəql edir: Huzeyfənin yanındaydım. Bir adam Huzeyfeyə, “Əgər mən Peyğəmbər (s.ə.v)-in dövründə olsaydım, onunla birlikdə döyüşər və böyük bir mətanət göstərərdim” dedi. Huzeyfə ona “Sənmi elə edəcəkdin? Allaha and içirəm ki, Əhzab günü hz. Peyğəmbər (s.ə.v)-lə bir yerdəydim. Şiddətli külək və qorxunc bir soyuq vardı. Hz. Peyğəmbər (s.ə.v)  “Bir adam yoxdurmu ki, müşriklərdən bir xəbər gətirsin ki, qiyamət günü mənimlə birlikdə olsun.” Sonra hz. peyğəmbər (s.ə.v) xəbər gətirməyim üçün məni göndərdi. Gedib Qureyşin vəziyyətini öyrəndikdən sonra Rəsullullah (s.ə.v)-in yanına getdim. Düşmənin yanından qayıtdıqdan sonra yenə əvvəlki kimi titrəyirdim. Rəsullullah (s.ə.v)-ə  xəbəri verdim. Rəsullullah (s.ə.v)  əbasını mənə geydirdi. Əba kürəyində idi və onunla namaz qılırdı və səhərə qədər hz. Peyğəmbər (s.ə.v)-in əbası altında yatdım.

Göstərdiyi bu bənzərsiz əxlaqla yanaşı Rəsul-i Əkrəm Quranın De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ” (Ənam surəsi, 162) ayəsində bildirildiyi kimi, bütün həyatını, malını, canını Allaha həsr etmişdir. İslam əxlaqının bütün insanlar arasında yayılması, dinclik, barış və sevgi əxlaqının hakim olması üçün maddi-mənəvi bütün imkanlarını ortaya qoymuşdu. Bunun üçün hər cür çətinlik qarşısında böyük bir şövq və təslimiyyət göstərmişdir.

İslami qaynaqlara görə, Rəsul-i Əkrəm (s.ə.v.) üç ilə qədər təbliğ fəaliyyətlərini gizli şəkildə davam etdirmiş, təbliğində olduqca ehtiyatlı davranmışdır. Bu dövrdə bir çox adam müsəlmanlığı qəbul etmiş və İslamiyyət getdikcə güclənmişdir. Üç ilin sonunda isə Allahın əmri ilə Peyğəmbərimiz (s.ə.v.) Peyğəmbərliyini və İslamiyyəti, qureyşli qəbilələrin hər birinə ayrı-ayrı açıq şəkildə elan etmişdir.

Qureyşli müşriklər əziyyət və düşmənçiliyə cürət edərək Peyğəmbərimiz (s.ə.v.)- in dəvətinə qarşı çıxmışlar. Ona qarşı amansız mübarizəyə başlamış, əllərindəki bütün imkanları istifadə edərək bu mübarək insanı təsirsiz hala gətirməyə çalışmışlar. Bunun üçün isə mümkün olan hər cür əziyyət və hətta sui-qəsd üsullarına belə əl atmışlar. Başda Əbu Ləhəb və arvadı Ümmü Cəmil, Əbu Cəhil olmaqla, Qureyş qəbilələrinin sözü keçən şəxsləri Rəsulullah (s.ə.v)-i dayandıra bilmək üçün mübarizə aparmışlar.

Ancaq İslamiyyətin yayılmasının qarşısını ala bilmək üçün başlatdıqları bütün cəhdlər nəticəsiz qalmışdır. Bu vəziyyət məkkəli müşrikləri və qövmün rəhbərlərini olduqca narahat etmişdir. Əleyhindəki bütün səylərinə baxmayaraq, müsəlmanların sayı gün keçdikcə artmış və İslamiyyət Məkkə xaricindəki qəbilələr tərəfindən də qəbul edilməyə başlamışdır. Hz. Ömər, hz. Həmzə kimi şəxslərin də müsəlmanların cərgəsinə qoşulması və bu yolla İslamın getdikcə güclənməsi bu şəxsləri olduqca narahat etmişdir. Etdikləri işgəncələrlə, şiddət nümayişləri ilə heç kimi dinindən çevirə bilmədiklərinə, İslamiyyətin yayılmasına mane ola bilmədiklərini görmüşlər. Bu vəziyyətdə yeni bir üsul axtarışına çıxmış və müsəlmanları təzyiq və boykot üsullarıyla dayandırmağa çalışmışlar. İttifaqla verdikləri boykot qərarlarına görə müsəlmanlarla və onları qoruyan qəbilələrlə heç bir ticarət münasibətinin qurulmaması qərarını vermişlər. Bu qərara görə onlara heç bir şey satılmayacaq və onların mallarından heç bir şey alınmayacaqdı.

Kəbə divarına yazılı olaraq asdıqları bu qərarlar qısa müddətdə bütün məkkəlilər tərəfindən tətbiq edilmişdir. Bu boykot səbəbi ilə də, müsəlmanlar kütləvi şəkildə bir yerə köçərək bir yerdə yaşamağa başlamışlar. Müşriklər boykota uğrayanların toplandıqları məhəlləyə ərzaq gətirilməsinə izn vermirdilər. Yalnız Həcc mövsümündə çölə çıxıb alver etmələrinə icazə verirdilər. Ancaq bu vəziyyətdə də onların yanında dayanaraq, bir şey almalarına əllərindən gələn qədər mane olmağa çalışırdılar. Bəzən müsəlmanlara mal satmamaları üçün satıcıları hədələyir, bəzən isə satıcıların bütün mallarını satın alaraq, müsəlmanların ala biləcəkləri bir şey qoymurdular. Məkkəyə yemək gətirən karvanları şəhərin xaricində qarşılayıb müxtəlif vədlərlə onları müsəlmanlar əleyhinə qaldırırdılar.

Bu dövrdə boykota uğrayan müsəlmanlar çöldən çox şey ala bilmədiklərindən qısa müddətdə şiddətli bir aclıq və qıtlıqla qarşı-qarşıya qaldılar. Bu dövrdə Rəsul-i Əkrəm (s.ə.v.), əmisi Əbu Talib və hz. Xədicə boykota uğrayanların ehtiyaclarını ödəyə bilmək üçün bütün mallarını xərclədilər. Tam üç il davam edən bu boykot ilə meydana gətirdikləri çətinlik, aclıq və qıtlıq mühitinə baxmayaraq, inkar edənlər yenə də İslamiyyətin yayılmasını qarşısını ala bilmədilər. Rəsul-i Əkrəm bu ağır şərtlər altında, böyük fədakarlıqlarla təbliğ vəzifəsini ən gözəl şəkildə yerinə yetirmişdi.

Üç ildən sonra qureyşlilər boykotu müxtəlif səbəblərlə dayandırmaq məcburiyyətində qaldılar. Ancaq müsəlmanlar əleyhində cəhd etməkdən imtina etmədilər. Bu dövrdə Məkkənin sözü keçən şəxslərindən biri olan və müsəlmanlığı qəbul etməməsinə baxmayaraq, Peyğəmbərimiz (s.ə.v.)- i ilk gündən etibarən qoruyub dəstəkləyən əmisi Əbu Talib və Peyğəmbərimiz (s.ə.v.)- in xanımı hz. Xədicənin vəfatı qureyşlilərin cəsarətlərinin daha da artıb hərəkətə keçmələrinə səbəb oldu. Əbu Talibin mövqeyinə görə, o zamana qədər Peyğəmbərimiz (s.ə.v.)- ə qarşı çıxmaqdan çəkinən qureyşlilər bu vəziyyətin aradan qalxmasını fürsət bildilər. Peyğəmbərimiz (s.ə.v)-in təbliğini dayandıra bilmək və müsəlmanların dinlərini yaşaya bilmələrinə mane ola bilmək üçün hər cür zülm, təzyiq, işgəncə, hədə və əziyyət üsuluna əl atdılar.

İslamın təbliğinin onuncu ilində Peyğəmbərimiz (s.ə.v.) getdikcə artan bu sözlü və fiziki təzyiqlər qarşısında Məkkə xaricindəki bir cəmiyyətə səslənməyə qərar vermişdir. Hz. Zeyd İbn Hərisə ilə birlikdə Ərəbistanın əsas bölgələrindən biri olan Taifə gedərək oradakı Sakif qəbiləsini İslamiyyəti qəbul etməyə və onları Qureyş müşriklərinə qarşı müsəlmanları qorumağa dəvət etmişdir. Taifdə qaldığı on gün müddətində qəbilənin əsas üzvlərinə İslamı izah etmişdir. Ancaq Lat adlı böyük bir bütə sitayiş edən qəbilələr arasında Peyğəmbərimiz (s.ə.v.)- in təbliğindən nəticə çıxaran bir şəxs belə olmamışdır. Rəsulullah (s.ə.v.), şəhərin öndə gedənləri ilə  tək-tək danışmış, amma bu şəxslərin cəhalət, qürur və düşmənçilik içərisində olduğunu görmüşdür. Rəsulullah (s.ə.v.) buradakı insanların hz. Zeyd İbn Hərisə və ona qarşı yönəltdikləri sözlü və əməli hücumlara qarşı səbir etmişdir.

Peyğəmbərimiz (s.ə.v.) hər an ölüm, işgəncə, aclıq və sürgün kimi hədələr altında yaşayan Məkkədəki müsəlmanları bu çətin şərtlərdən qurtarmaq üçün hər yolu sınamışdır. O dövrün çətin şərtləri altında, rəvayətlərdə bildirildiyi kimi, yeriyərək Taifə getməsi və buradakı bütpərəst insanlara doğru yolu göstərə bilmək üçün əlindən gələn hər şeyi etməsi Rəsulullah (s.ə.v.)-in üstün əxlaqının təcəllilərindəndir. Necə ki, burada da, rəvayətlərdə bildirildiyi kimi, bu cahil insanların müxtəlif əziyyətləri ilə qarşı-qarşıya qalmışdır. Ancaq Peyğəmbərimiz (s.ə.v.) İslamiyyətin yayılması və müsəlmanların təhlükəsizliyə qovuşması üçün bütün bunları qorxmadan, çəkinmədən qarşılamış, fədakarlıqda bütün müsəlmanlara örnək olmuşdur.

Məkkəyə qayıtdıqda qureyşlilərin müsəlmanlara etdiyi təzyiqləri artırdıqlarını görmüş və İslamiyyəti digər qəbilələrə təbliğ etməyə davam etmişdir. Həcc mövsümündə Məkkə yaxınlığında gecələyən, ya da ilin müəyyən dövrlərində qurulan yarmarkaları gəzməyə gələn ərəb qəbilələriylə görüşmüş, Quranı izah edərək onları İslama dəvət etmişdir. Peyğəmbərimiz (s.ə.v.) bu dövrdə də bir çox çətinliklə qarşılaşmış, amma Allahın razılığı üçün bütün bunlara gözəl bir səbir və təvəkküllə cavab vermişdir. Rəsulullah (s.ə.v.)-in İslama çağırdığı qəbilələr bəzən Peyğəmbərimiz (s.ə.v.)- ə düşməncəsinə rəftarlarla cavab vermişlər. Ancaq Rəsulullah (s.ə.v.) bu çətin şərtlər altında da təbliğinə davam etmişdir. Rəsul-i Əkrəm (s.ə.v.) təbliğini edərkən, Əbu Ləhəb kimi müşriklərin əleyhində icra etdikləri fəaliyyətlərə də etiraz etmək məcburiyyətində qalmışdır.

Həmin dövrdə Əbu Ləhəb də Məkkəyə gələn qəbilələrlə görüşüb, Peyğəmbərimiz (s.ə.v.) haqqında böhtan dolu sözlər söyləyərək onlara təsir etməyə, Rəsulullah (s.ə.v.)-in  təbliğini dinləmələrinə mane olmağa çalışmışdır.

Hz. Məhəmməd (s.ə.v.)- in peyğəmbərliyinin 11-ci ilində Mədinədən gələn altı nəfərlik bir karvan Peyğəmbərimiz (s.ə.v.)-in təbliği vəsiləsi ilə müsəlman olmuşdur. Qəbilələri tərəfindən sevilən və söz sahibi olan bu şəxslər Mədinəyə qayıtdıqlarında qohumlarını da İslama dəvət etmiş və qısa müddətdə İslamiyyət Mədinədə geniş ölçüdə yayılmışdır. Bu tarixdən sonrakı iki Həcc mövsümündə təkrar karvanlar halında Məkkəyə Peyğəmbərimiz (s.ə.v.)-lə görüşməyə gələn Mədinəlilər, Allahın Rəsuluna bağlılıq və itaət sözü vermişlər. Mədinəlilərin peyğəmbərimiz (s.ə.v.)-ə beyət etdiyini eşidən məkkəli müşriklər isə müsəlmanlara olan təzyiqlərini daha da artıraraq, Məkkəni iman edənlər üçün yaşanılmaz hala gətirməyə çalışmışlar. Bu dövrdə Allahdan gələn vəhylə hz. Məhəmməd (s.ə.v.) məkkəli müsəlmanlara Mədinəyə hicrət edəcəklərini bildirmişdir. Məkkəli müşriklər, müsəlmanların Mədinədəki möminlərlə birləşərək böyük bir güc əldə edəcəklərindən narahat olaraq, müsəlmanların hicrət etmələrinə də mane olmağa çalışmışlar. Bəzilərini həbs edib işgəncə etmiş, bəzilərinin də “yollarını kəsərək” onlara çətinlik yaratmaq istəmişlər.

Peyğəmbərimiz (s.ə.v.) Allahın əmri gələnə qədər hz. Əbubəkr (r.ə) və hz. Əli (r.ə) ilə birlikdə Məkkədə bir müddət də qalmışdır. Hz. Məhəmməd (s.ə.v.)- in Allahın qoruması altında olduğundan qafil olan Əbu Cəhl, Əbu Ləhəb və söz sahibi olan digər inkarçılar dəfələrlə sınayıb müvəffəqiyyətsiz olduqlarını gördükləri halda, Peyğəmbərimiz (s.ə.v.)- ə qarşı yeni hücum təşkil etməyə qərar vermişlər. Bu məqsədlə Qureyşin hər qəbiləsindən güclü bir adam seçilmiş və bu şəxslərin hz. Məhəmməd (s.ə.v.)- ə qarşı birlikdə bir tələ hazırlamalarına qərar verilmişdir.

Beləcə hər qəbilənin hadisəyə daxil olacağını və buna görə Peyğəmbərimiz (s.ə.v.)-in qəbiləsinin bu vəziyyətə qarşılıq verə bilməyəcəyini düşünmüşlər. Allah Quranda Peyğəmbərimiz (s.ə.v)-ə hazırlanan bu tələni belə bildirmişdir:

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Ancaq Rəsulullah, ayədən də aydın olduğu kimi, bütə sitayiş edən müşriklərin bütün tələlərindən olduğu kimi, Allahın köməyi ilə bu tələdən də qorunmuşdur. Bu hadisənin ardınca, hz. Əbubəkr ilə birlikdə Mədinəyə doğru yola çıxan Peyğəmbərimiz (s.ə.v.)-ə yeni bir tələ də qurulmuş, Məkkənin söz sahibləri Rəsulullah (s.ə.v.)-in arxasınca onu tapa bilmək üçün silahlı adam göndərmişlər. Ancaq Allahın qoruması ilə Peyğəmbərimiz (s.ə.v.)-ə qurulan bu tələ də boşa çıxmışdır. Allah Quranda hz. Məhəmməd (s.ə.v.)- in yaşadığı bu vəziyyəti belə bildirmişdir:

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tovbə surəsi,  40)

1327538110_hzsuyleyman1

Peyğəmbərimiz (s.ə.v.)- i dayandırmaq üçün qurulan tələlər, əlbəttə ki, bununla da kifayətlənməyib. Əbu Ləhəb, Ümmü Cəmil və Əbu Cəhil kimi söz sahibi olan müşriklər demək olar ki, hər fürsətdə Rəsul-i Əkrəm (s.ə.v.)-ə çətinlik yaratmağa, ona əziyyət verməyə çalışmış və dəfələrlə öldürmək cəhdi etmişlər. Allahın Rəsuluna və haqq dinə qarşı çirkin cəsarət göstərən bu şəxslər haqqında Allah ayələrdə belə bildirmişdir:

Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək. O, alovlanan oda atılacaqdır. Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır. (Məsəd surəsi, 1-5)

Peyğəmbərimiz (s.ə.v.) bir tərəfdən bütpərəst qövmünün bu rəftarlarına qarşı mübarizə apararkən, bir tərəfdən də gözəl əxlaqıyla, fədakarlığı, səbri və təslimiyyəti ilə ətrafındakı bütün müsəlmanlara örnək olmuşdur. Hədislərdə Rəsulullah (s.ə.v)-in üstün əxlaqı və comərdliyi belə bildirilir:

Rəsulullah (s.ə.v.) xeyir işlərində insanların ən comərdi idi. Peyğəmbər (s.ə.v.) xeyir cəhətdən əsməkdə olan küləkdən belə daha comərd idi.

Özündən bir şey istənildiyi zaman əsla “yoxdur” deməzdi və özündən istənilən heç bir şeyi əsirgəməzdi.

“Rəsulullah (s.ə.v.) insanların ən comərdi, ən cəsuru və ən şücaətlisi idi.”

Əbu Zərr mənə bunları söylədi: “Ey qardaşımın oğlu! Mən hz. Peyğəmbər (s.ə.v)-in yanına getmişdim. Əlimdən tutaraq mənə “Ey Əbu Zərr! Uhud dağı qədər qızıl və gümüşüm olsa ölmədən əvvəl bir karatını belə buraxmadan Allah yolunda infaq etmək istəyərdim” buyurdu.

Digər bir hədisdə isə Peyğəmbərimiz (s.ə.v.)- in hz. Aişə (r.ə)-ə belə buyurduğu rəvayət edilir:

“Malı yığıb xərcləmə barəsində xəsis davranma ki, Allah ruzisini səndən kəsər, saxlayıb əlində infaq etmədən tutma ki, Allah da səndən nemətini alar. ”

Başqa bir hədisdə isə Peyğəmbərimiz (s.ə.v.)- in bu mövzudakı üstün əxlaqı belə bildirilir:

Aişə (r.ə)-ə dedim: “Rəsulullah (s.ə.v.) ailə içində necə idi?” Cavab verdi: “İnsanların ən mülayimi, insanların ən comərdi idi. Gülərüzlü və təbəssüm sahibi idi… ”

Müsəlmanlara üstün əxlaqıyla ən gözəl şəkildə örnək olan Rəsulullah (s.ə.v.) bir xütbəsindəki sözləri ilə möminləri comərdliyə belə təşviq etmişdir:

Bir xütbəsində Allaha həmdi sənalar etdikdən sonra; “Ey insanlar! Yaxşı bilin ki, Allah Təala sizlərə din olaraq İslamı seçmişdir. İslamınızı comərdlik və gözəl əxlaqla bəzəyin. Bilməyinizi istəyirəm ki, comərdlik kökü cənnətdə, budaqları isə dünyada olan bir cənnət ağacıdır. İçinizdən comərdlik edənlər o budaqlardan birinə yapışmışdır, bu budaq onu cənnətə aparacaq. Xəsisliyə gəldikdə isə o da kökü cəhənnəmdə, budaqları isə bu dünyada olan bir ağacdır. Xəsislik edərək öz budaqlarından birinə yapışanı cəhənnəmə aparır.” Daha sonra Peyğəmbər (s.ə.v.) iki dəfə; “Allah yolunda comərd olun” buyurdu.

 

İstifadə olunmuş ədəbiyyat siyahısı

1- Məhəmməd Yusuf Xandəhləvi, Həyatüs Səhabə, Hz. Məhəmməd və səhabələrinin yaşadığı islami həyat, cild 1, Sentez nəşriyyat, Təməl əsərlər seriyası: 2/1, səh. 297 (Terğib, V/148; Beyhaki Hz. Aişə(r.ə)-dən)

2- Məhəmməd Yusuf Xandəhləvi, Həyatüs Səhabə, Hz. Məhəmməd və səhabələrinin yaşadığı İslami həyat, cild 1, Sentez nəşriyyat, Təməl əsərlər seriyası: 2/1, səh. 28

3- Məhəmməd Yusuf Xandəhləvi, Həyatüs Səhabə, Hz. Məhəmməd və səhabələrinin yaşadığı İslami həyat, Sentez nəşriyyat, cild 1, Təməl əsərlər seriyası: 2/1, səh. 318 (Müslim)

4- Məhəmməd Yusuf Xandəhləvi, Həyatüs Səhabə, Hz. Məhəmməd və səhabələrinin yaşadığı İslami həyat, cild 3, Sentez nəşriyyat, Təməl əsərlər seriyası: 2/3, səh. 129 (Sifəti-Safve, I/69 (Buxari və Müslim, Cabir b. Abdillahdan)

İbn-i Kəsr, Peyğəmbərimiz (s.ə.v)-in Şəmaili möcüzələri, Təməl nəşriyyat, səh. 84

5- Məhəmməd Yusuf Xandəhləvi, Həyatüs Səhabə, Hz. Məhəmməd və səhabələrinin yaşadığı İslami həyat, cild 3, Sentez nəşriyyat, Təməl əsərlər seriyası: 2/3, səh. 129 (Heysemi, IX/13)

İbn-i Kəsr, Peyğəmbərimiz (s.ə.v)-in Şəmaili möcüzələri, Təməl nəşriyyat, səh. 84

6- İbn-i Kəsr, Peyğəmbərimizin Şəmaili möcüzələri, Təməl nəşriyyat, səh. 86

7- Məhəmməd Yusuf Xandəhləvi, Həyatüs Səhabə, Hz. Məhəmməd və səhabələrinin yaşadığı İslami həyat, cild 2, Sintez nəşriyyat, Təməl əsərlər seriyası: 2/2, səh. 196 (Heysemi X/239 (Bezzardan. Ayrıca Taberaninin də bənzər şəkildə rəvayət etdiyi yazılar)

8- İbn-i Kəsr, Peyğəmbərimiz (s.ə.v)-in Şəmaili möcüzələri, Təməl nəşriyyat, səh. 87

9- İbn-i Kəsr, Peyğəmbərimizin Şəmaili möcüzələri, Təməl nəşriyyat, səh. 89

10- Məhəmməd Yusuf Xandəhləvi, Həyatüs Səhabə, Hz. Məhəmməd və səhabələrinin yaşadığı İslami həyat, cild 2, Sentez nəşriyyat, Təməl əsərlər seriyası: 2/2, səh. 192 (Kenz III/310 (İbn Asakir, Ənəsdən)