“National Geographic” TV-də 3 aprel 2003-cü il tarixində “Kim kimi təqlid edir: Ağıllı şimpanzelər” adlı sənədli film yayımlandı. Sənədli filmdə izah edilənlərin mərkəzində, hər zamankı kimi bəzi bacarıqlı meymunlar yer alırdı. “National Geographic” TV haqqında məlumatlar verdiyi bəzi meymunları insan olaraq qəbul edir, bu canlıların duyğu və düşüncələri haqqında spekulyasiyalar ortaya qoyurdu. Proqramın nəzərə çarpan xüsusiyyəti, izləyənləri duyğusal baxımdan təsir edəcək ifadələrə tez-tez müraciət edilməsi idi. Bu yazıda “National Geographic” TV-nin insanları şimpanzelərlə yaxın qohum olduqları nağılına inandırmaq üçün müraciət etdiyi duyğu istismarı gözlər önünə səriləcək.
Sənədli filmdə kosmos araşdırmalarında və tibbi təcrübələrdə təcrübə heyvanı olaraq istifadə edilən şimpanzelərlə yanaşı müxtəlif ağıllı davranışlar ortaya qoyan bonobo və oranqutanlardan da bəhs edilir. “National Geographic” TV bu canlıların təcrübələr əsnasında və qəfəs həyatında nələr düşünmüş ola biləcəyinə dair çoxlu spekulyasiyalar etməkdə, bu dramatik izahatla tamaşaçıların bu canlıları bir insan kimi qiymətləndirmələrinə çalışılır. Proqramın məqsədini əks etdirən ən diqqətə çarpan mesaj budur:
“Beyin və ürəklərindən keçənləri daha yaxşı anlamaq istəyiriksə, içimizdəki meymunu və meymundakı insanı daha yaxından tanımaq lazımdır”.
Belə romantik son bu cür sənədli filmərin hazırlanma səbəbini açıqca ortaya qoyur. Daha əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, “National Geographic” təbiətdə ağıllı bir çox canlı olmasına baxmayaraq, davamlı olaraq şimpanzelərdən bəhs edərək, bunları darvinizm təbliğatında bir “simvol” olaraq istifadə edir. Sənədli filmlərdə şimpanzelər haqqında edilən şərhlər araşdırıldıqda bu simvollaşdırma səyi açıqca görünür.
Məsələn, kosmosa hələ insan göndərilmədiyi dövrlərdə, kosmos mühitinin və raket sürətinin insan bədənində yarada biləcək təsirlərini ölçmək məqsədi ilə istifadə edilən şimpanzelər haqqında bu ifadələrə yer verilir:
“Ən yaxın qohumlarımız şimpanzelər olmasaydı, insanlığın ən böyük zəfəri bəlkə də reallaşmazdı”.
Kosmosa şimpanzedən başqa canlılar; itlər və siçanlar da göndərilmiş olduğu halda “National Geographic” TV ekranlarında daim şimpanzelər qəhrəmanlaşdırılır. Bu televiziya kanalı təcrübələrdə istifadə edilən şimpanzelərin daha sonra baxım mərkəzlərinə yerləşdirildiyini izah edir, şimpanzelərdən “aviasiya təqaüdçüləri” və ya “digər insanlar”; baxım mərkəzlərindən də “reabilitasiya mərkəzləri” olaraq bəhs edir.
Bu təcrübələrdə istifadə edilən “Ham” adlı bir şimpanze üçün “Kosmos xəyallarımızı o reallaşdırdı, Ham artıq yaşamır və aviasiyanın kosmos araşdırmalarına qatılmış işçilərinə etdiyi kimi, o da kosmos şöhrətləri hissəsinə dəfn edilmişdir” ifadələrinə yer verir.
Delfinlər və dəniz aslanlarından mina axtarma çalışmalarında canlı dedektorlar olaraq istifadə edildiyi bilinir. Hətta 2003-cü il mart ayında aparılan İraq əməliyyatında bu canlılar aktiv fəaliyyət göstərmişlər. Eyni şəkildə, itlərin də polisin narkotik əməliyyatlarında qazandırdığı bir çox faydalar vardır. Amma “National Geographic” TV sistemli bir şəkildə meymunların iştirak etdiyi əməliyyat və araşdırmaları gündəmə gətirir. Bu sistemli yayımların məqsədi daha əvvəl ifadə etdiyimiz kimi, şimpanzenin insanların zehinində ən yaxın qohum olaraq yerləşdirilməsidir.
Bu məqsədlə şimpanzenin bacarıqları çox vaxt şişirdilir, hətta təkamül təbliğatı istiqamətində qəsdən təhrif edilir. Sənədli filmdə verilən bir nümunə bu təhrifi açıqca ortaya qoyur. Bir araşdırma mərkəzində, baxıcısının nəzarəti altında sağ və sol əllərindəki iki daşı bir-birinə vuran bonobonun görüntüləri göstərilir. Bonobo daşların birini digərinə vuraraq bəzi parçaların qırılaraq yerə düşməsinə və əlindəki daşların forma dəyişdirməsinə səbəb olur. Yerə düşən parçalardan birini götürən baxıcı bunu kameraya göstərir və “Afərin! Özünə iti bir bıçaq düzəltdin!” deyə qışqırır.
Burada “National Geographic” TV-nin aparıcısı işə qarışır və ciddi bir səs tonuyla soruşur: “Əgər bir bonobo daşdan bir bıçaq düzəldə bilirsə, daha böyük meymunlar nələr edə bilər?”
Bunları izləyənlər bonobonun daşları özünə iti bir bıçaq düzəltmək istədiyi üçün bir-birinə bu məqsədlə vurduğunu və bu müvəffəqiyyəti hər istədiklərində təkrarlaya biləcəklərini zənn edə bilər. Halbuki, “National Geographic” ekranlarında yaşananlar yalnız bir teatrdan ibarətdir. Təbiətdə şimpanzelərin alətdən istifadə edə bildiyi məlumdur. Daşlarla qoz qırdıqları, termit yuvalarına uzatdıqları çubuqlara minən termitləri yedikləri məlumdur. Ancaq bu günə qədər heç bir şimpanze və ya bonobonun xüsusi bir məqsədlə istifadə etmək üçün alət düzəltdiyinə dair məlumat yoxdur.
Bəlkə sənədli filmdəki bonobo nəticədə iti bir daş parçası əldə etmişdir, amma belə bir aləti özü nə istəmiş, nə də onu necə düzəldəcəyini planlamışdır. Buna görə kəskin daşın təbii təsirlər nəticəsində bir qayadan qoparaq meydana gəlməsiylə bonobonun əllərində meydana gəlməsi arasında heç bir fərq yoxdur: İkisi də şüursuz və məqsədsiz hadisələrdir. Necə ki, ortaya çıxan iti parçanı baxıcıya verən bonobo deyil. İti parçanın meydana gəldiyini görən baxıcı onu götürmək üçün özü hərəkət edir və ekrana tutaraq bir növ nümayiş etdirir.
Bonobo əslində olanlardan xəbərsizdir və böyük ehtimalla az sonra alacağı bananı gözləməkdən başqa heç bir şey etmir. Bu cür nümayişlərin əsl yeri sirklər olduğu halda, “National Geographic” TV xüsusilə araşdırma təşkilatlarındakı meymunları seçir. Meymunun qabiliyyəti haqqında edilən şərhlərin bir sirk baxıcısından deyil, bir elm adamından öyrənilməsi, darvinizm təbliğatını elmi zəminə əsaslandırma taktikasının bir işarəsidir.
Həqiqətdə araşdırma təşkilatındakı meymun da, sirkdəki meymunlar kimi mükafat-cəza üsuluyla alışdırılır və istənilən davranışa, məsələn, daşları bir-birinə vurmağa şərtləndirilir. “National Geographic” kimi darvinist media quruluşları da bunlara elmi don geydirir, ekranlarından təkamül təbliğatı olaraq təlqin edirlər.
Sənədli filmdə daha sonra, “Jo” adlı bir oranqutanın zooparkdan qaçmasından danışılır. Baxıcısı Jonun bir avtomobil təkərini divarın dibinə apardığını, bu sayədə aşdığı divardan atlayıb bir zoopark işçisinin ofisinə girib bir müddət oturduğunu, sonra çıxıb nümayiş etdirilən qoyunları insanlarla birlikdə izlədiyini, ən sonunda da qaçdığını söyləyir. Baxıcısı bunları izah etdikdən sonra Jonun təkcə fürsətdən istifadə etməklə qalmadığını, bunu əvvəldən düşünüb planladığını, özünün belə düşündüyünü söyləyir.
Burada Jo, sanki yaxşı qorunan bir həbsxanadan mükəmməl bir planla qaçmış bir məhbus kimi göstərilir. Beləliklə, “National Geographic” TV oranqutanları plan qura bilən ağıllı canlılar olaraq göstərməyə çalışır. Beləliklə, insanların meymunlarla qohum olduqları nağılına bir səhifə daha əlavə etməyi hədəfləyir. Meymundan başqa canlıların da buna bənzər davranışlar nümayiş etdirdiyi məlumdur. Məsələn, tülkülər bu baxımdan daha ağıllıdırlar. Bir hindəki toyuqları oğurlamaq üçün tunellər qazacaq qədər hiyləgərdirlər. Amma “National Geographic” TV-də “tülkü hiyləgərliyi”nə dair sənədli film görmərik, çünki bu canlının ideoloji təbliğat baxımından “National Geographic” üçün cazibedici bir cəhəti yoxdur.
Sənədli filmdə oranqutanın qaçışından sonra Uqanda meşələrindəki şimpanzelərə keçilir. Araşdırmaçının araşdırdığı şimpanzelərin erkəkləri, qonşu şimpanze qrupuna hücum edir. Araşdırmaçı şimpanzelərin qonşu qruplarla apardığı bu mübarizələri insanların apardığı müharibələrə bənzədir və bu ifadələri söyləyir: “İstər Bosniya, istər Livan, istər Efiopiya, istər Uqanda meşələrində olsun… Hər iki növdə də gənc erkəklər bir yerə gəlib başqa qrupun erkəkləri ilə vuruşurlar”. “National Geographic” isə bu araşdırmaların insanlarda görülən vəhşiliyin guya təkamül baxımından təməllərini anlamaqda faydalı ola biləcəyini iddia edir.
Bu da, yenə elmdən kənar bir ssenaridir: İki canlı arasında belə bir bənzərlik olması vəhşiliyin təkamüldən qaldığını göstərməz. Eynilə inşaat mühəndisliyinin anbarlar düzəldən qunduzlar; göydələn kimi strukturlar inşa edən termitlər və həndəsi hesablamalara əsaslanan altıbucaqlı pətək arxitekturasını tətbiq edən bal arılarından təkamüllə qalmış olmayacağı kimi.
Daha sonra qorillalarla əlaqədar bir nümunəyə keçilir. Bir qorilla qrupunun liderləri olan “Kiki”nin ölümündən sonra necə “sarsıldığı” izah edilir. Buna görə qorillalar Kikinin öldüyü yerə tez-tez gedir və inləyirlər. Baxıcıları bunların iştahdan kəsildiklərini, durğunlaşdıqlarını ifadə edir, qorillaları insanlardan daha duyğulu və düşüncəli olduğunu söyləyir.
Ancaq “National Geographic” TV-nin tamaşaçılarda meydana gətirməyə çalışdığı bu duyğusal atmosfer təkamül nəzəriyyəsinə bir dəstək verməz. İtlərin də sahiblərinə sədaqətləri, ölümlərindən sonra yas tuturmuş kimi günlərlə uladıqları məlumdur. Qısacası, qorillaların yas tuturmuş kimi görünmələri onları insanlara qohum etməz. Bütün bunlar həqiqətdə insanları meymunlardan gəldikləri nağılına inandırmaq üçün edilən saxtakarlıqdır və “National Geographic” TV bu təbliğatı izləyənlərin duyğularını istismar etməyə qədər aparır.
“National Geographic” TV-də şimpanzelərin duyğularına verilən bir başqa nümunə də kor bir şagirdlə müqayisə edilən bir bonobo ilə əlaqədardır. Bonobonun qaldığı araşdırma laboratoriyasına gələn kor bir şagirdin bonobo ilə bir müddət birlikdə vaxt keçirib daha sonra ayrıldığı izah edilir. Sabahısı gün birlikdə olduğu anlar özünə videodan izlədilən bonobo, şagirdi ekranda görüncə gözlərini iki əli ilə bağlayır və otaq içində gəzişərək divarları əlləri ilə yoxlayır. Baxıcısı bonobonun duyğusal olaraq təsirləndiyini, əlləri ilə gözlərini bağlayaraq kor bir insanın həyatını anlamağa çalışdığını ifadə edir. Burada gördüklərimiz baxıcının sözlərinə görə qiymətləndirildikdə hiyləli ola biləcək xüsusiyyətdədir. Ancaq bir insanın kor olduğunu anlaması, bonobonun insana qohum olduğnu göstərməz. Bu anlayış bəzi heyvanlarda olan sirli bir hiss etmə qabiliyyəti ilə əlaqədardır. Məsələn, itlər sahiblərinin xəstə olduqlarını anlaya bilir. Hətta elmdə itlərin üstün qabiliyyətlərindən istifadə edilir və prostat xərçəngi diaqnozunda bu canlıların hisslərinə müraciət edilir. Həm də itlər kor insanlara kömək olacaq şəkildə öyrədilir və həyatları boyunca sahiblərinin hərəkətlərinə diqqət edərək onları təhlükələrdən qoruya bilirlər. Bonobonun bu qabiliyyəti, əlbəttə, təsir edicidir, ancaq bunun təkamüllə əlaqələndirilməsi tamamilə əsassız bir yanaşmadır və “National Geographic” TV-nin darvinist ön mühakimələrindən qaynaqlanır.
Nəticə
“National Geographic” TV bəhs etdiyi təkamül nağılları üçün təqdim edəcək heç bir elmi dəlilə sahib olmadığı üçün, tamaşaçılarına duyğusal istiqamətdən təsir edəcəyi sənədli filmlərə müraciət edir. Meymunların insanlarla nə vəhşilik və yas tutma kimi ortaq duyğular, nə də ortaq ağıllı davranışlar göstərmələri onları insana qohum etməz. “National Geographic” TV-yə heç bir elmi məzmunu olmayan, son dərəcə əsassız fərziyyələrə əsaslanan belə proqramları artıq yayımlamamasını tövsiyə edirik.