National Geographic TV kanalında yayımlanan “Ən ağıllı meymun” sənədli filmində meymunların insanlar kimi danışa bildikləri iddia edildi. Proqram boyunca şimpanzelərin insana bənzəyən davranışları təkamül nəzəriyyəsinin dəlili olaraq təqdim edildi. Hətta daha da irəli gedilərək şimpanzelərin insanlar kimi düşündükləri iddia edildi. Nümunə verilən araşdırmada bir oranqutan istəklərini təlimatçısına işarələrlə çatdıra bilirdi. Bu ünsiyyətin primitiv bir işarə dili olduğu iddia edildi. Şərh qisimində bu müşahidələrin meymunların insanın qohumu olması üçün yetərli səbəb olduğu irəli sürüldü. Aşağıda bu iddiaların etibarsızlığı müasir elmi ədəbiyyat işığında izah olunmuşdur.

 

ELMƏ ZİDD İDDİALAR

Əvvəlcə ifadə etmək lazımdır ki, insanların bir-birləri ilə səsli və ya jestlə ünsiyyət qura bilmə qabiliyyətləri təkamül nəzəriyyəsi baxımından açıqlana bilməyən bir xüsusiyyətdir. Bu səbəblə təkamülçülər insanla meymun arasında ünsiyyət qurma üsulları baxımından bir bənzərlik tapmağa çalışırlar. Bu nöqtədə təkamül nəzəriyyəsini sübut etməyə çalışan araşdırmaçılar üçün insanların reaksiyalarına bənzər reaksiyalar verən bir meymun ictimaiyyətə təqdim etdikləri sensasional bir xəbərdir.

Halbuki, paleontoloji araşdırmalar təkamül prosesinin yaşanmadığını gözlər önünə sərmişdir. Genetika elmi bir növün sahib olduğu xüsusiyyətlərin zamanla yığılaraq ortaya çıxmasının qeyri-mümkün olduğunu göstərmişdir.

 

TƏKAMÜL NƏZƏRİYYƏSİNİN BÖYÜK DİLEMMASI: İNSANIN DANIŞMASI

Proqramda bir meymunun primitiv bir işarə dilindən istifadə etdiyi izah edilmişdir. Halbuki, təkamülçü araşdırmaçılar şimpanzelərə danışıq öyrətmək üçün bir neçə dəfə cəhd etmişlər, ancaq bu səyləri həmişə boşa çıxmışdır. Məşhur dilçi Filip Lieberman bu təcrübələrin müvəffəqiyyətsizliyini belə ifadə etmişdir:

 

17-ci əsrdən bu yana heyvan təlimçiləri və araşdırmaçılar şimpanzelərə danışıq öyrətməyə çalışmalarına baxmayaraq, bunu bacaran heç bir şimpanze olmamışdır. Əslində şimpanzenin səs meydana gətirmə anatomiyası təməl olaraq bizimkindən fərqlidir. Şimpanzelər beyinlərinin lazımi dil manevrlərini planlayıb bacara bildiyini fərz etsək belə, yenə də insan danışığının boğuq bir bənzərini çıxaracaqlar. Bunu edə bilmək üçün isə bizim beyinimizə sahib olmalıdırlar. (1)

 

Göründüyü kimi, problem uyğun səsləri çıxara bilmə deyil, meymun beynində danışığın idarə olunduğu bir bölgənin olmamasıdır. Danışıq bölgəsi adlandırılan Broca bölgəsi yalnız insanda müəyyən olunmuşdur. Beynin bu hissəsində sözlər işlənilir və müəyyən bir məna sırasına salınır. Bu isə çox mürəkkəb və çətin bir işdir. Buna görə də heç bir dil sadə olaraq xarakterizə edilə bilməz. Ən sadə bilinən dillər belə, mürəkkəb qrammatika qaydalarına malikdir. Bu qaydalar sözləri müəyyən mənalara görə fərqli şəkillərdə düzən, kompleks riyazi əlaqələrdir.

Qrammatika qaydaları olmadan isə bir dildən bəhs etmək mümkün olmaz. Ehtiyaclarını tək-tək işarələrlə izah edən heyvanların işarə dilindən istifadə etdiklərini iddia etmək isə mənasızdır. “National Geografic”dəki proqramda göstərilən meymunlar istəklərini jestlərlə izah edir, ancaq işarələri ard-arda sıralayaraq mənalı cümlələr qurmurlar. Cümlə elmi (sintaksis) olaraq bilinən mənalı söz düzülüşü problemi heyvanların insanlarınkı kimi bir dilə sahib olmadıqlarını elmi olaraq sübut etmişdir. Dilçi Derek Bikerton yenə tanınmış bir dilçi olan Terence Diconun “Simvolik növlər” adlı kitabını tanıdan yazısında bu gerçəyi belə ifadə etmişdir:

 

Danışıq insandan qabaqkı bir nəsildən gəlmiş ola bilərmi? Xeyr. Heyvan ünsiyyəti strukturlarına bənzəyirmi? Xeyr… Heç bir meymun güclü təlimə baxmayaraq, qrammatika qaydalarının köklərini öyrənə bilməmişdir. Sözlər necə ortaya çıxdı, sözlərin düzülüşü necə ortaya çıxdı? Bu problemlər danışmağın təkamülünün ürəyində yatır. (2)

 

Dilçilik sahəsində qeyd olunan bu nəticələr, təkamülçülərin sadə bir dil tapma ümidini də itirmələrinə gətirib çıxarmışdır. Buna görə İngiltərənin qabaqcıl təkamülçü biyoloqu Riçard Doukinz belə danışığın mənşəyini şərh etməyi qeyri-mümkün görür. Doukinzə görə ən primitiv bilinən qəbilə dilləri də daxil olmaqla dünyadakı hər dil çox kompleksdir:

 

Bu mövzuda ən açıq nümunə danışıqdır. Heç kim necə başladığını bilmir. Cümlə elmi (sintaksis) də eyni dərəcədə naməlumdur; sözlər və mənaları. Dünyadakı minlərlə dilin hamısı da çox kompleksdir. Bunun pilləli olaraq inkişaf etdiyini düşünməyə meylliyəm, lakin belə olmalı olduğu tam olaraq açıq deyil. Bəziləri müəyyən bir yer və müəyyən bir zamanda bir zəka tərəfindən icad edildiyini və birdən başladığını düşünür. (3)

 

İnsanın danışa bilməsi onu digər heyvan növlərindən ayıran ən böyük xüsusiyyətidir. Meymunlar isə danışma qabiliyyətindən məhrumdurlar. Dövrümüzün qabaqcıl dilçilərindən Massaçusets Texnologiya İnstitutundan Prof. Dr. Noam Chomski özü də təkamülçü olmasına baxmayaraq, danışıq qabiliyyətimizin heyvanlarda bir bənzərinin belə olmadığını belə bildirir:

 

İnsanın danışması heyvanlar aləmində diqqətə çarpan bir qarşılığı olmayan bənzərsiz, fövqəladə bir faktdır. (4)

 

Əlbəttə açıqlaya bilmədiyimiz, amma başa düşmədən belə bağlı olduğumuz qrammatika qaydalarını bizim inkişaf etdirmədiyimiz ortadadır. Qrammatika qaydalarını hazır şəkildə istifadə edirik. Çox mürəkkəb bir hesablama tələb etdiyi nəzərə alındıqda danışıq qaydaları insanı heyrətə salır. Məhz bu səbəblədir ki, bəzi insanlar üçün danışıq qabiliyyətinin necə qazanıldığı böyük bir sirr olaraq qalır. Noam Chomski bunu bu şəkildə ifadə edir:

 

Danışığın yaranması ilə əlaqədar olaraq bura qədər heç bir şey söyləmədim. Səbəbi isə deyilə biləcək çox az şey olmasıdır. Kənardan görünən bir neçə xüsusdan başqa danışıq böyük ölçüdə sirrdir. (5)

 

Göründüyü kimi, dilçilik sahəsindəki mütəxəssis fikirləri insanın danışıq qabiliyyətinin pilləli olaraq sadədən mürəkkəbə doğru təkamül ilə inkişaf etmiş ola bilməyəcəyini göstərir. Heyvanlara danışıq öyrətmə cəhdləri isə heyvanların cümlələr yaratmadan jestlər istifadə etmələrindən kənara getmir. Çünki sözləri müəyyən bir nizamda sıralayaraq cümlələr qura bilmək, son dərəcə kompleks qaydalara bağlıdır və bunun idarə olunması üçün beyinlərində əlaqədar broca bölgəsinin olması şərtdir. Daha da əhəmiyyətlisi, danışıq qabiliyyəti şüur tələb edir. Şüur isə canlılar arasında yalnız insana aiddir. Bu səbəblə, danışıq yalnız insanlara məxsus bir qabiliyyətdir.

Danışıq bacarığını insana verən isə Uca Allahdır. Allah insanlara danışmağı ilham edir və onları danışdırır. Allah diləmədən bir varlığın danışa bilməsi isə mümkün deyil. Bu həqiqət bir Quran ayəsində belə xəbər verilir:

 

… Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. (Fussilət surəsi, 21)

 

1 – Philip Lieberman, “Peak Capacity”, The Sciences (cild. 37, noy/dek 1997), s. 27.

2- Derek Bickerton, “Babel”s Cornerstone”, New Scientist (cild. 156, 4 oktyabr 1997), səh. 42

3- Richard Dawkins, Unweaving the Rainbow (Boston, Houghton-Miflin Co., 1998), səh. 294.

4- Noam Chomsky, Language and Mind (New York: Harvourt, Brace, Jovan-ovich, 1972), səh. 67, 68.

5- Noam Chomsky, Powers and Prospects, səh. 16