“Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Hicr surəsi, 9)
Müqəddəs kitabımız Quranın ən əhəmiyyətli xüsusiyyətlərindən biri, günümüzə qədər heç bir dəyişikliyə uğramadan, Peyğəmbərimiz (s.ə.v)-ə vəhy edildiyi halı ilə bizlərə çatmış olmasıdır. Ayədə Rəbbimizin bu vədi bizlərə xəbər verilir.
Qurandan əvvəlki haqq kitablar qoruna bilməmişlər, bəzi hissələri insanlar tərəfindən ya dəyişdirilmiş ya da çıxarılmışdır. Peyğəmbərimiz (s.ə.v) isə, özünə hər vəhy gəldiyində, vəhyi Allahın köməyi ilə əzbərləmiş və dərhal güvəndiyi kəslərə yazdırmışdır. Beləcə, Quran yazılı olaraq mühafizə edilmişdir. Hz. Əbu Bəkr (r.ə) zamanında Quran tək nüsxə halına gətirilmiş, hz. Osman (r.ə) dövründə isə Quran nüsxələri çoxaldılaraq, əhəmiyyətli İslam şəhərlərinə göndərilmişdir.
Peyğəmbərimiz (s.ə.v)-in vəhy aldığında, Quran ayələrini yadında saxlamaq üçün necə səy göstərdiyi və buna qarşılıq Allahın Ona necə kömək edəcəyi ayələrdə belə bildirilir:
“Cəbrayıl sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.” (Qiyamət surəsi, 16-19)
Ayələrdə də görüldüyü kimi, Peyğəmbərimiz (s.ə.v)-in Quranı yadında saxlaması, hər hansı mövzunun əzbərlənməsi kimi olmamış, Allah xüsusi olaraq Quran ayələrini Peyğəmbərimiz (s.ə.v)-in yaddaşına yerləşdirmişdir. Bundan sonra isə, Peyğəmbərimiz (s.ə.v), yaddaşındakı ayələri güvəndiyi kəslərə yazdırmışdır. Və 1400 ildir, Allahın vədinə uyğun olaraq, Quranın tək hərfi belə dəyişməmiş və Allahın vəhyi günümüzə qədər qorunaraq gəlmişdir.
Quranın Allahın vəhyi olduğunun və vəhyə insan əliylə heç bir şeyin əlavə olunmadığının dəlillərindən biri isə, Quranda heç bir ziddiyyət olmamasıdır. Quran, həm öz içində, həm də tarixi inkişaflarla və elmi kəşflərlə tam uyğunlaşma içindədir. Quranın bu xüsusiyyəti o qədər qəti və aydındır ki, Rəbbimiz ayəsində belə buyurmuşdur:
“Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.” (Nisa surəsi, 82)