Allah asan olanı əmr etmişdir
İnsanların bir çoxunun din haqqındakı məlumatları, uşaqlıqlarından etibarən ətraflarından əldə etdikləri məlumatlara söykənir. Dini həqiqi qaynağından, yəni Qurandan öyrənmədikləri üçün də din adı altında bir çox xurafata, əsassız inanca qapılarlar. Bu inancların ən təhlükəlilərindən biri isə, dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.
Tarix boyunca, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsulları sınayan kəslər, dinə bir çox çətinləşdirici əməl və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbər Əfəndimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrədir.
Əvvəlcə bunu ifadə etmək lazımdır ki, Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum Surəsi-30)
Rəbbimizin şəfqət və mərhəməti olaraq əsrlər boyu göndərilmiş bütün haqq dinlər hər zaman çox asan tətbiq oluna bilən hökmlərə sahib olmuşdur. Çünki Allah insanlar üçün daim asanlıq diləmişdir və “… Allah, sizə asanlıq diləyər, çətinlik diləməz…” (Bəqərə Surəsi-185) ayəsi ilə bu həqiqəti xəbər vermişdir. Allahın sərhədlərinə uyan bir insan eyni zamanda, yaradılışına ən uyğun olan son dərəcə gözəl bir həyatı yaşayan insandır.
Bu həqiqəti bilməyən bəzi insanlar isə din əxlaqının sərhədləri qalxdığı təqdirdə daha rahat yaşayacaqlarını, məsələn əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünərlər. Ya da dinin həyatlarını çətinləşdirəcək bəzi məhdudlaşdırmalar gətirəcəyini zənn edərlər. Halbuki bütün bunlar insanların qapıldıqları çox böyük yanılmalar və şeytanın yalanlarıdır. Çünki Allahın dinini yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək son dərəcə asandır. Əsl çətin olan, Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan bir cəmiyyətdə yaşamaqdır. Belə bir həyatın sonu son dərəcə pis nəticələrlə bitir.
Əvvəla, din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə və ya dinsiz insanların həyatlarında daim xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stres vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edər, heç bir mövzuda sərhəd tanımaz və degenerasiya həyatı sürər. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərməz, sevgi, hörmət bilməz, maddi və mənəvi dəstək verməzlər. Buna görə də, belə bir həyat heç bir zaman, heç bir insana xoşbəxtlik gətirməz. Din əxlaqının sərhədləri qalxdığı zaman insanın dinclik tapacağı mühitin tam tərsi meydana gəlir və şeytanın istədiyi kimi cəhənnəmə bənzər bir mühit meydana gələr.
Məsələn, indiki vaxtda tez-tez nümunələrinə rast gəldiyimiz hadisələrdən narkotik istifadəsinin və ticarətinin yayılması, fahişəliyin, rüşvətin, saxtakarlığın qarşısı alına bilməyən bir hal alması kimi vəziyyətlər bütünlüklə dindən , mənəvi hər cür dəyərdən və gözəllikdən uzaqlaşmasıyla əlaqədardır. Belə mühitlərdə insanlar özlərinə görə azad və dilədikləri kimi davranışlara sahib olduqlarını zənn edərlər. Halbuki, bu sərhəd tanımayan həyatlarının özlərinə gətirdiyi maddi və mənəvi zərbə, azadlıq zənn etdikləri hisslərdən daha çox böyükdür. Düşünün ki, fahişəlikdən, narkotikadan və ya spirtdən sağlamlığı pozulmuş, bədəni yaşına görə çox daha sürətlə yaşlanmış, saçları, dərisi parlaqlığını və canlılığını itirmiş, əldən düşmüş, səfil bir həyat sürən insanların qazancı nə ola bilər? Həqiqətən də, sərhəd tanımazlıq, əxlaqı heçə saymaq, məqsədi olmayan və sonunun yoxluq olduğu sayılan bir həyatı davam etdirmək, istisnasız hər insanda fiziki və ruhi olaraq çox böyük təxribatlar meydana gətirər. Üstəlik bu nəticələr hər kəsin görə biləcəyi, əsla inkar edə bilməyəcəyi qədər açıq və qətidir.
Burada verilən nümunələrin çox adi nümunələr olduğunu düşünənlər ola bilər. Ancaq bu bir həqiqətdir ki, insan din əxlaqından nə qədər uzaq yaşasa, Allahın sərhədlərini nə qədər tanımazsa, o qədər bədbəxt və çətin bir həyat yaşayar. Bir insanın burada verilən nümunələrdəki qədər adi bir həyat yaşamış olması isə, onun asan və xoşbəxt bir həyatı olduğu mənasını verməz. Bəlkə də, yuxarıda bəhs etdiyimiz insanlara nisbətən bir az daha rahat bir həyat yaşayar. Amma həqiqi xoşbəxtliyi və dincliyi əsla tapa bilməz. Üstəlik nəticə olaraq da bu insan, Allahın əmrlərindən uzaqlaşdığı üçün böyük bir peşmanlıq duyacağı, çətinliklərin və ağrıların ən böyüklərini yaşayacağı axirət həyatı ilə qarşılaşar.
Allahdan qorxan və din əxlaqının gərəklərini əksiksiz olaraq yerinə yetirən insanlar isə, həm dünyada, həm də axirətdə böyük bir qazanc içindədirlər. Hər şeydən əvvəl, Allaha itaət etməyin mənəvi həzzini və vicdanı rahatlığını yaşayarlar. Onlar üçün daima bir müjdə və gözəllik vardır. Allah, razılığına uyanları və sərhədlərini qoruyanları bir ayəsində belə müjdələyir:
Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə Surəsi-112)
Vicdanının əksini edənlər, Allahın sərhədlərini qorumaq mövzusunda zəif davrananlar və ya imanı çirkin görərək, imansızlığı gözəl görənlər isə, dünyada da, axirətdə də çətinliklərlə qarşılaşacaqlar. Allah bir ayəsində belə bildirir:
… Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar… (Talaq Surəsi-1)
Din əxlaqını yaşamağın çətin olduğunu zənn edən insanlarda, yuxarıda danışdığımız kimi dini yaşamağı çətin göstərən insanların vəziyyəti vardır. Dinin əslini qavraya bilməyən bəzi kəslər din mövzusunda ifrata yol verirlər. Necə ki, bəzi insanlar guya azadlıq adı altında sərhədləri tanımazlarsa, bəzi kəslər də təqva adı altında Allahın qoyduğu sərhədləri dəyişdirmə, çətinləşdirmə cürətini göstərərlər. Bu, əslində şeytanın insanlara bir tələsidir. Bu insanlar Allahın haram etmədiyini haram kimi göstərib, daha çox qadağa meydana gətirməyi bir üstünlük zənn edərlər. Hətta, öz qoyduqları bu qaydalara da gərəyi kimi riayət etməz və bir də bunun vicdani çöküntüsünü yaşayarlar. Allah bir ayəsində, Hz. İsadan sonra İsəviliyi azdıran Xristianları bu mövzuya bir nümunə olaraq verir:
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid Surəsi-27)
Bu səbəblə Allah inananları bu təhlükəyə qarşı xəbərdar etmiş və dində ifrata gedənlərin doğru yoldan azdıqlarını Quranda bildirmişdir:
De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”. (Maidə Surəsi-77)
İnsanın əməl etməsi lazım olan tək şey, Quranda Allahın insanlara əmr etdiklərini yerinə yetirmək və qadağan etdiklərindən də qaçınmaqdır. Allah hər şeyi insanlar üçün asan edərkən dini çətinləşdirməyə çalışanlar, axirətdə bunun məsuliyyətini yüklənmiş olaraq hesab verərlər. Hər şeydə olduğu kimi bu mövzuda da Peyğəmbər Əfəndimizin həyatı və tətbiqləri bizə ən gözəl nümunədir. Bir hədisində mübarək Peyğəmbərimiz (s.ə.v.) Allahın sərhədlərindən ayrılmamağı və eyni zamanda sərhədləri aşmamağı möminlərə xatırlatmış və dinin asan olduğunu belə ifadə etmişdir:
“Din asandır. Kimsə dinə qarşı sərt ola bilməz. Çünki dinə məğlub olar. (Yəni dinin asanlığına uyğunlaşmalıdır. Möhkəm tutmaq istəyərkən aciz qalar.) Hərəkətlərinizi düzəldin, (hududa) yaxın olun. ” (Ramuz Əl-Hadis, 1. Dəri, s. 98)
İnsanların dini, Peyğəmbər Əfəndimizin yuxarıdakı hədisiylə bildirdiyi şəkildə qiymətləndirmələri lazımdır. Yəni Allahın açıq və aydın izah etdiyi, asanlıqla tətbiq oluna biləcək hökmləri çətin göstərmələri böyük bir səhvdir. Necə ki, Allah Quranda bildirdiyi hökmləri hər şərtlərdə və mühitdə, hər insanın rahatlıqla tətbiq edə biləcəyi şəkildə asanlaşdırmışdır. Sonrakı hissələrdə, Allahın hökmlərində halal və haramdan, insanlara verilən asanlıqlardan bəzilərinə yer veriləcəkdir.
Allah ruzi olaraq insanlara çoxlu nemətlər vermişdir. Rəngarəng meyvələr, növbənöv yeməklər, tərəvəzlər, ətlər, içkilər … Hər biri insanların xidmətinə təqdim edilmişdir. Və Allah “Səndən hansı şeylərin halal edildiyini soruşarlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur”. (Maidə Surəsi-4) ayəsiylə, insanlara bütün təmiz yeməklərin halal edildiyini bildirmişdir.
Allahın insanlara haram etdiyi yeməklər isə, ölü əti, qan, donuz əti kimi, onsuz da insanlar üçün zərərli və təmiz olmayan yeməklərdir. Allah bir ayəsində belə buyurur:
De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ənam Surəsi-145)
Ayədə haram olan yeməklər üçün keçən “murdar” ifadəsinin çox hikməti vardır. Çünki donuz əti həqiqətən insan bədəninə zərər verəcək xüsusiyyətlərə malikdir.
Məsələn, donuz əti çox yağlıdır, yeyildiyi halda bu yağ qana keçər. Qandakı çoxlu miqdarda olan yağlar damarların sərtləşməsinə, təzyiq yüksəlməsinə və ürək infarktına səbəb olar. Ayrıca donuz yağında “sutoksin” deyilən zəhərli maddənin kənara atılması üçün, linfa bezlərinin daha çox çalışması lazımdır. Bu vəziyyət xüsusilə uşaqlarda linfa düyünlərinin iltihablanması və şişməsi şəklində özünü göstərir. Bunlardan əlavə, donuz əti bol miqdarda kükürd ehtiva edir. Orqanizmə daxil olan çoxlu sayda kükürd qığırdaq, əzələ və sinirlərə oturaraq oynaqlarda iltihablanma, kirəncləşmə və bel yırtığı kimi müxtəlif xəstəliklərə gətirib çıxarar. Bununla bərabər müxtəlif dəri xəstəlikləri və trişin kimi (trişin yalnız donuz vasitəsilə keçər və insanlarda öldürücü bir vəziyyət meydana gətirər) ciddi xəstəliklərə də səbəb olur. (Burada donuz ətinin yalnız bilinən ümumi bir neçə zərərinə diqqət çəkilmişdir.)
Göründüyü kimi, insana zərər verəcək olan yeməklərin haram edilməsi insanlara təqdim edilmiş bir asanlıqdır.
Ancaq burada bir nöqtəyə diqqət çəkməkdə fayda vardır. Əlbəttə, bir şeyin haram və ya halal olması Rəbbimizin əmridir və insan yalnız Allahın əmrinə görə hərəkət etməkdən məsuldur. Allah bir yeməyin haram olmasının hikmətlərini diləsə insanlara göstərər, diləməzsə göstərməz. Amma Allah insanlara bir asanlıq olması, ürəklərinin rahatllıq tapması üçün, yuxarıda verdiyimiz nümunədən aydın olduğu kimi, bu hikmətləri insanlara bir çox vəsilə ilə göstərir.
Allah Quranda qadağan edilən yeməklərdən bəhs edərkən insanın başına gələ biləcək hər cür vəziyyətdə necə davranması lazım olduğunu da açıqlamışdır. Beləcə insanların gözlənilməz vəziyyətlərdə tərəddüd etmələrinin qarşısı alınmışdır. Bu mövzudakı bəzi ayələr belədir:
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir! (Nəhl Surəsi, 114-115)
Bu ayənin ardından Allahın bağışlayan və əsirgəyən olduğunun xatırladılması da möminlərə rahatlıq verən və onları müjdələyən bir ayədir. Çünki insan zəif yaradılmışdır. İnsan səhv edə bilər, unuda bilər, fikrə gedə bilər, iradəsiz davrana bilər. Allah insanı, ancaq səmimi olaraq tövbə etdiyində bağışlayıb əsirgəyər.
5 vaxt namaz qılmaq Müsəlmanın bütün həyatı boyunca, Allahın təyin etdiyi vaxtlarda axsatmadan edəcəyi vacib olan bir ibadətdir. İbadətlərini yerinə yetirməyən insanlar, namaz qılmağı da ümumiyyətlə, yaşlılıq dövrlərinə saxlayarlar. Halbuki namaz bütün digər ibadətlər kimi son dərəcə asan yerinə yetirilə biləcək bir ibadətdir.
Bunu ifadə etmək lazımdır ki, Allah bir insan üçün nəyi vacib etmişsə, o insan qulluq vəzifəsi olaraq onu etməklə öhdəliklidir. Bunun qarşılığında isə Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilər. Allahın insanlara vacib etdiyi ibadətlərdə asanlıq yaratması isə, Allahın mərhəmətinin və şəfqətinin bir göstəricisidir. Allahın əmrlərinə uymayanların isə axirətdə, güclərinin çatmadığına və ya çətin gəldiyi üçün edə bilmədiklərinə dair heç bir bəhanələri olmayacaq. (Allahın Quranda bildirdiyi və bir məsuliyyət yükləmədiyini ifadə etdiyi insanlar xaric olmaq üzrə) Məsələn, dəstəmaz almaq son dərəcə asandır. Hətta, bir insanın dəstəmaz alması üçün su tapa bilmədiyi halda, Allah “təyəmmüm etmə”yi yol olaraq göstərmişdir ki, təyəmmüm hər şərtdə asanlıqla yerinə yetirilə bilər. Allah su tapa bilməyənlərin necə təyəmmüm edəcəklərini bir ayəsində belə bildirir:
“… Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz .” (Maidə Surəsi-6)
Allahın ayəsində də bildirdiyi kimi, Allah insanlara çətinlik çıxarmaq istəməz. Quranda bildirilən hər mövzuda Allah insanlar üçün asanlıqlar vermişdir. Allahın insanlar üçün əmr etdiyi ibadətlər iman edənlər üçün son dərəcə asandır. Allah sonsuz rəhməti və mərhəməti ilə insanlar üçün ən asan və ən gözəl olan ibadətləri və həyat şəklini bildirmiş və bunlara uyanları isə, razılığı, rəhməti və cənnəti ilə müjdələmişdir.
Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşmənlərinizdir. (Nisa Surəsi-101)
Bu ayədən də aydın olduğu kimi, Allahın hər hökmü və hər əmri möminlərin hər biri üçün ayrı-ayrı hikmət və xeyirlərlə doludur. Allah qulları üçün çətinlik istəməz. Allah, möminlərin həqiqi dostu və tək vəkilidir.
Allah Müsəlmanlara Ramazan ayında oruc tutmalarını əmr etmişdir. Ancaq Allah ayələriylə istisna vəziyyətləri yəni xəstəlik, səfər halı vəziyyətlərini də açıqlayaraq insanlar üçün çətinlik diləmədiyini, asanlıq dilədiyini bir daha bildirmişdir:
İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz. (Bəqərə Surəsi-185)
Allahın hökmləriylə əlaqədar ayələrində insanlar üçün asanlıq dilədiyini bildirməsi, dinin asanlığını düşünərək başa düşülməsi lazım olduğunu da göstərir. Çətinlik yaşayacaqlarını zənn edərək, ibadətlərini yerinə yetirməkdən qaçınanlar böyük bir yanılma içindədirlər və dini yanlış başa düşürlər.
Bir ayədə Allahın insanlara çətinlik çıxarmadığı və bunun, Onun şəfqətinin və mərhəmətinin bir göstəricisi olduğu belə ifadə edilir:
Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər. (Fəth Surəsi-17)
Allah, şikəstliyi olan insanların ibadət məsuliyyətlərini qaldırarkən rəhmətinin və sonsuz şəfqətinin dəlilini insanlara göstərir. Allah bunu bir ayəsində belə bildirir:
… Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir. (Bəqərə Surəsi-220)
And içmək ümumiyyətlə insanlar arasında bir vərdiş olaraq edilən geniş bir davranışdır. Xüsusilə, birinə söz verərkən insan vərdişlə and içə bilər. Andlara sədaqət, verilən sözün üstündə dayanmaq isə, Allahın Quranda əmr etdiyi bir mömin xüsusiyyətidir. Ancaq insan unutqan bir varlıqdır, bəzi vəziyyətlərdə dalğınlıqla edəcəyi işi və ya verdiyi sözü unuda bilər. Bu, çox təbii, insani zəifliklərdən meydana gələn bir səhvdir. Bu vəziyyətdə Allah ixtiyari, ağız vərdişi ilə diqqət vermədən edilən andlardan insanları məsul tutmayaraq, möminlərin üzərindən bu məsuliyyəti götürmüşdür. Edilən andlara sədaqət axirətdə soruşulacaq, ancaq Allahın Quranda istisna etdikləri, ixtiyari və məqsədsiz olaraq deyilən andlardır. Allah bunu bir ayəsində belə bildirir:
Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir. (Bəqərə Surəsi-225)
Allahın and mövzusunda etdiyi bir başqa asanlıq daha vardır. Bir məqsəd üzərində, şüurlu olaraq Allah adına and içən, sonra da bu andını pozmaq istəyənlər üçün Allah bir asanlıq yolu göstərmişdir. Bu da andların kəffarə verməklə həll edilməsidir:
Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir… (Təhrim Surəsi, 2)
… lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz. (Maidə Surəsi-89)
Ayələrdən aydın olduğu kimi, Allah hər iki vəziyyətdə də, insanların dinə uyğun hərəkət etmələri üçün asanlıq göstərir. Gözəl və doğru olan, əlbəttə, andların qorunmasıdır. Ancaq bir insan verdiyi sözü unuda bilər və ya söz verdiyi dövrdəki şərtlər dəyişə bilər və o adam sözünü tuta bilməyəcək bir vəziyyətə düşə bilər. Allah, insanlar üçün asanlıq diləyərək, andlara kəffarə olacaq vəziyyətləri bildirmiş və hər insan üçün bir yol göstərmişdir. Ayrıca andı pozma mövzusunda kəffarə kimi bir şərtin əmr edilməsi, insanın vicdanının səsini dinləməsi üçün də bir asanlıqdır. Andını pozan adam, kəffarə ödəmək vəziyyətində olacağı üçün, andını həqiqətən pozması lazımlımı, yoxsa sözünü yerinə yetirə bilərmi deyə bir dəfə daha düşünəcək və bunun nəticəsində ən vicdanlı və ən doğru qərarı verəcək.
Allah dinini son dərəcə asan etmişdir. İslam dini, hər vaxt üçün və hər mövzuda asanlıq dinidir. İnsan səmimi dindar olmağı, Rəbbimizin nemətləri qarşısında şükr edici bir qul olmağı niyyət etdiyində, din əxlaqının həyati mövzusunda heç bir çətinliklə qarşılaşmayacaq.