Uzun zamandır təkamülçülər, “insanlar və şimpanzelər arasında yalnız 1%-lik genetik fərqlilik vardır” iddiası ilə təkamül təbliğatı edirdilər. İnsan və şimpanze genləri arasında dəqiq müqayisə edilməməsinə baxmayaraq, darvinist ideologiya onları bu iki növ arasında çox kiçik bir fərqlilik olduğunu fərz etməyə yönəldirdi.
Aparılan yeni bir araşdırma isə, təkamülçülərin bu mövzudakı təbliğatlarının -eynilə digərləri kimi- səhv olduğunu göstərir. Araşdırmada, təkamülçü nəşrlərdə iddia edildiyi kimi insanlar və şimpanzelərin genetik quruluşunun “99% bənzər” olmadığı və genetik bənzərliyi 95%-dən çox olmadığı ifadə edilir. CNN-nin veb səhifəsində 25 sentyabr 2002-ci il tarixində nəşr olunan “Humans, chimps more different than thought” (İnsanlar, şimpanzelər düşünüldüyündən daha fərqlidir) başlıqlı yazıda bu araşdırmanın nəticələri belə xəbər verilir:
Aparılan yeni genetik araşdırmaya görə, insanlar və şimpanzelər arasında bir zamanlar inanıldığından daha çox fərqlilik var.
Bioloqlar uzun müddət şimpanzelərin və insanların genlərinin 98.5% bənzər olduğunu müdafiə etdilər. Ancaq Kaliforniya Texnologiya İnstitutundan bir bioloq, bu həftə nəşr olunan çalışmada, genləri müqayisə etmək üçün istifadə edilən yeni bir üsulun insanlar və meymunların arasındakı genetik bənzərliyin yalnız 95% nisbətində olduğunu göstərdiyini açıqladı.
Bu araşdırma insan DNT zəncirindəki 3 milyon əsas cütündən 780.000-ni şimpanzelərinki ilə müqayisə edən kompüter proqramına əsaslanırdı. Daha əvvəlki araşdırmaçıların tapdıqlarından daha çox bir-birinə bənzəməyən hissə tapıldı və DNT əsaslarının ən az 3.9% nisbətində fərqli olduğu nəticəsinə gəlindi.
Bu vəziyyət onu növlər arasında təxminən 5% nisbətində genetik fərqlilik olduğu nəticəsinə apardı. (1)
Darvinizmə olan qatı bağlılığı ilə tanınan İngilis elmi jurnal “New Scientist”də eyni mövzunu 23 sentyabr 2002-ci il tarixli internet xəbərində “Human-Chimp DNA Difference Trebled” (İnsan-şimpanze genetik fərqi üç qatına çıxdı) başlığı ilə yayımladı:
İnsan və şimpanze DNT-ləri arasında edilən yeni müqayisələrə görə, əvvəllər düşünüldüyündən daha çox fərqliyik. Uzun müddət ən yaxın qohumlarımız ilə genetik quruluşumuzun 98.5% bənzədiyi fikiri müdafiə olundu. İndi bunun səhv olduğu ortaya çıxır. Əslində genetik quruluşun 95%-dən daha az qisimini paylaşırıq, şimpanzelər ilə aramızdakı fərqlilik düşünüldüyündən 3 qat daha çoxdur. (2)
Bu tapıntını ortaya çıxaran bioloqun gəldiyi nəticəni təkamül nəzəriyyəsinə görə qiymətləndirərək davam edir, ancaq əslində bunu etməsi üçün elmi bir səbəb yoxdur. Çünki təkamül nəzəriyyəsini nə fosil qeydləri, nə də genetik və ya biyokimyəvi məlumatlar dəstəkləyir. Əksinə, dəlillər dünyadakı dəyişik həyat formalarının birdən-birə, təkamül baxımından əcdadları olmadan ortaya çıxdığını göstərir və bunların kompleks sistemləri “ağıllı dizayn”ın, yəni yaradılışın varlığını isbat edir.
Genetika elmi təkamülə meydan oxuyur
Əslində dəyişik növlər arasındakı bənzərliklərdən heç biri təkamül baxımından əlaqəni dəstəkləmir. Fərqli növlərə və təsniflatlara aid canlıların DNT və xromosom analizləri nəticəsində əldə edilən məlumatlar müqayisə edildikdə, canlıların DNT və xromosomlarındakı bənzərliklərin, ya da fərqliliklərin, iddia edilən heç bir təkamülçü məntiq, ya da əlaqə ilə uyğunlaşmadığı çox açıq şəkildə ortaya çıxır. Təkamülçü tezisə görə canlıların kompleksliklərində pilləli bir artım yaşanmış olmalı, buna paralel olaraq da gen saylarının pilləli olaraq artması müşahidə edilməlidir. Lakin əldə edilən məlumatlar bu tezisin tamamilə, xəyal məhsulu olduğunu göstərir.
Molekulyar müqayisələrin təkamül nəzəriyyəsi lehində deyil, əleyhində nəticələr verdiyi, 1999-cu ildə “Science” jurnalında nəşr olunan “Is It Time to Uproot the Tree of Life?” başlıqlı bir məqalədə də qəbul edilmişdir. Elizabeth Pennisi imzalı məqalədə, darvinist bioloqların “təkamül ağacını” işıqlandırmaq üçün apardıqları genetik analiz və müqayisələrin tam əks yöndə nəticə verdiyi ifadə edilmiş, “yeni məlumatların təkamül mənzərəsini qaraltdığı” ifadə edilmişdir:
Bir il əvvəl bir düjündən çox mikroorqanizmin yeni düzülmüş genomlarını araşdıran bioloqlar bu məlumatların həyatın erkən dövrlərinin tarixi haqqındakı qəbul edilmiş fikirləri dəstəkləyəcəyinə ümid etmişdilər. Amma gördükləri şey onları heyrətləndirdi. O an mövcud olan genomların müqayisəsi, həyatın böyük qruplarının necə ortaya çıxdığına dair mənzərəni işıqlandırmaq əvəzinə daha da qarışıq hala gətirdi. Və indi əldə olan 8 yeni mikrobial düzülüşlə birlikdə vəziyyət daha da qarışıq bir hal aldı…
Əksər təkamülçü bioloqlar həyatın başlanğıcını üç təməl aləmdə tapa biləcəklərini düşünürdülər… Tam DNT düzülüşləri, başqa cür genlərin müqayisəsinin yolunu açdıqda, araşdırmaçılar sadəcə bu ağaca daha çox detal əlavə edəcəklərinə ümid edirdilər. Claire Fraser, Rockville Marylanddakı “The İnstitute for Genomic Research”ın başçısı “heç bir şey həqiqətən, bu qədər uzaq ola bilməzdi” -deyir. Əksinə, (genetik) müqayisələr həm rRNA ağacı ilə, həm də bir-birləri ilə ziddiyyət içində olan bir çox fərqli həyat ağacı versiyasını ortaya çıxardı. (3)
Ortaq dizayn
Yaxşı, insanların DNT-lərinin 95% nisbətində də olsa şimpanzelərin DNT-sinə bənzəməsi nə mənanı verir? Bu sualı cavablandırmaq üçün insan ilə başqa canlılar arasında edilən bəzi digər müqayisələrə də baxmaq lazımdır.
Bu müqayisələrdən biri insan ilə nematod soxulcanları arasında edilmiş və 75% bənzərlik kimi maraqlı bir nəticə ortaya çıxmışdır. (4) Digər yandan bəzi zülallar üzərində edilən analizlər də insanı daha fərqli canlılara yaxınmış kimi göstərir. Kembric Universitetindəki araşdırmaçıların apardığı çalışmada quru canlılarının bəzi zülalları müqayisə edilir. Heyrətverici bir şəkildə, təxminən bütün nümunələrdə insan və toyuq bir-birlərinə ən yaxın qohum kimi uyğunlaşmışlar. Bir sonrakı ən yaxın qohum isə timsahdır. (5)
Bütün bu mənzərələrin göstərdiyi isə budur: İnsan və digər canlılar arasında genetik bənzərliklər var. Amma bu bənzərliklər hər hansı bir “təkamül sxemi” ortaya çıxarmır.
Bu genetik bənzərliklərin mövcud olması isə, son dərəcə təbii, hətta qaçınılmazdır. Çünki insan bədəni də digər canlılarla eyni materialdan, eyni atomlardan meydana gəlir. İnsanın tənəffüs etdiyi hava, yediyi qidalar, içində yaşadığı iqlim heyvanlarla eynidir. Bu səbəbdən insan da digər canlılarla bənzər zülallara və bunların genetik kodlarına sahibdir. Amma bu, insanın digər canlılarla ortaq mənşədən gəldiyi, onlardan təkamülləşdiyi kimi bir məna daşımır.
Necə ki, fərqli canlılar arasında edilən genetik müqayisələr, 150 illik təkamül ağacını devirmişdir. Genetik tapıntılar, təkamül nəzəriyyəsini rədd edir.
Yaxşı, bu vəziyyətdə canlılardakı bənzər strukturların elmi şərhi necə edilə bilər? Bu sualın cavabı, Darvinin təkamül nəzəriyyəsi elm dünyasına hakim olmadan əvvəl verilmişdi. Canlılardakı bənzər orqanları ilk dəfə gündəmə gətirən Carl Linneaus və ya Richard Ouven kimi elm adamları, bu orqanları “ortaq dizayn” nümunəsi kimi görürdülər. Yəni bənzər orqanlar və ya bənzər genlər, ortaq bir əcdaddan təsadüfən təkamülləşdikləri üçün deyil, müəyyən bir funksiyanı daşımaq üçün şüurlu bir şəkildə hazırlanmış olduqları üçün bənzərdir.
Müasir elmi tapıntılar isə, bənzər orqanlar üçün ortaya atılan “ortaq əcdad” iddiasının əsaslı olmadığını və edilə biləcək yeganə şərhin sözü gedən “ortaq dizayn” şərhi olduğunu göstərir. Digər bir ifadə ilə, canlılar ortaq bir planla yaradılıblar.
1- http://www.cnn.com/2002/TECH/science/09/24/humans.chimps.ap/index.html
2- http://www.newscientist.com/news/news.jsp?id=ns99992833
3- Elizabeth Pennisi, “MICROBES, IMMUNITY, AND DISEASE: Is It Time to Uproot the Tree of Life?” Science, cild 284, sayı 5418, 21 may 1999, səh. 1305-1307
4- New Scientist, 15 may 1999, səh. 27
5- New Scientist, c. 103, 16 avgust 1984, səh. 19